"Ölkələrin ərazi bütövlüyü məsələsində ikili standartlar çox ağır nəticələrə gətirib çıxara bilər"


Siyasət 12 Okt 2017 23:11:00 268 0

"Ölkələrin ərazi bütövlüyü məsələsində ikili standartlar çox ağır nəticələrə gətirib çıxara bilər"

Kataloniyada keçirilən müstəqillik haqqında referendumunun nəticəsində yaranmış böhranın İspaniyanın ərazi bütövlüyü, konstitusiyası, beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyirik.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri AŞPA-da İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumla bağlı müzakirələrdə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva səsləndirib.

Milli Məclisin deputatı Avropa ölkələrinə çağırış edib, ölkələrin ərazi bütövlüyünün müdafiə edilməsinin ən mühüm məsələ olduğunu bildirərək deyib: "AŞPA-ya üzv dövlətlərin ərazi bütövlüyünün prinsipial və qeyd-şərtsiz dəstəklədiyimizi və ortaya çıxan belə məsələlərin yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyini açıq şəkildə ifadə etməliyik. Separatçı hərəkatların güclənməsi Avropanın və dünyanın gələcəyi üçün çox ciddi təhdiddir. Təəssüf ki, assambleyanın ilk günü Ermənistan heyətinin bəzi üzvləri çıxışlarında Kataloniyada baş verənlərdən öz məqsədləri üçün istifadə etməyə, bu hadisələri örnək göstərərək Ermənistanın Qarabağdakı işğalçılıq siyasətinə haqq qazandırmağa çalışdılar. Bu, çox təhlükəli və narahatverici bir haldır. Biz burada bu cür cəhdlərə, belə təhlükəli addımlara imkan verməməliyik.

Qarabağ probleminin Kataloniyada yaşananlarla heç bir bənzərliyi yoxdur. AŞPA-nın qəbul etdiyi 1416 saylı qərarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi açıq şəkildə vurğulanıb".

Q.Paşayeva bildirib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarını qızışdırıb, onları silahlandırıb. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edib. Ölkələrin ərazi bütövlüyü məsələsində ikili standartlara yol verilməməlidir. Separatçı fəaliyyətlərin çox ağır nəticələrə gətirib çıxardığını unutmamalıyıq.

Kataloniyada keçirilən referenduma qarşı çıxan insanların yürüşündən söz açan Milli Məclisin deputatı bildirib ki, bu məsələ İspaniyanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Q.Paşayeva deyib: "İspaniyadakı vəziyyətlə bağlı AŞPA-nın daha fəal rol oynaması məsələnin ədalətli şəkildə həllinə öz töhfəsini verə bilər. Kataloniyada keçirilən referendum səbəbindən İspaniyada gərginlik və qarşıdurma riskinin artması böyük faciəyə gətirib çıxara bilər. Bu gərginliyi azaltmaq və mümkün faciələrin qarşını almaq üçün buradan ciddi mesajların verilməsi və məsələnin həlli istiqamətində qəti addımların atılmasına ehtiyac var. Dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Əks təqdirdə, yaxın gələcəkdə Avropa və dünya üçün çox ciddi problemlərin şahidi olacağıq".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində