“JTI” şirkəti Azərbaycanda 8-ci su təchizatı layihəsini həyata keçirib


İqtisadiyyat 12 Okt 2017 17:19:35 344 0

“JTI” şirkəti Azərbaycanda 8-ci su təchizatı layihəsini həyata keçirib

Layihə Ağdam rayonunun Dördyol qəsəbəsində Mili Qeyri-Hökumət Təşkilatları Forumu və Ağdam Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib

“Japan Tobacco International” (“JTI”) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.

Şirkətdən “Report”a verilən məlumata görə, sayca 8-ci olan layihə Ağdam rayonunun Dördyol qəsəbəsində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Ağdam Rayon İcra Hakimiyyəti (RİH) ilə birlikdə həyata keçirilib.

Açılış mərasimində çıxış edən Ağdam RİH başçısının 1-ci müavini Allahverən Əliyev və MQF-nin prezidenti Rauf Zeyni layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin cəbhəyanı bölgə olan Ağdam rayonunda icra edilməsinə görə “JTI” şirkətinə minnətdarlıq ediblər. Şirkətin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev isə layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını bildirib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Əhalisinin sayı 5 000-ə yaxın olan Dördyol qəsəbəsində içməli su layihəsini MQF icra edib. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb.

İndiyə qədər “JTI” şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı və Səlyan rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 25 000-dən çox adam təmiz içməli su ilə təmin edilib.