Rəşad Sadıqov: "Kənardan baxıb, danışmaq asandır"


İdman 12 Okt 2017 12:23:00 364 0

Rəşad Sadıqov: "Kənardan baxıb, danışmaq asandır"

"Qarabağ" futbol klubunun kapitanı Rəşad Sadıqov Azərbaycan milli komandasının baş məşqçisi təyin olunacağı ilə bağlı iddialara münasibət bildirib. Goal.az "Report"a istinadən xəbər verir ki, hazırda "Qarabağ"ın U-19 komandasının baş məşqçisi olan 35 yaşlı futbolçu bunun çətin və məsuliyyətli iş olduğunu söyləyib: "Hələ Robert Prosineçkinin qalıb-gedəcəyi bilinmir. Hazırda yalnız "Atletico" ilə oyunu düşünürəm. Ən azı qışa qədər futbolçu karyeramı davam etdirəcəyəm. Sonrasına baxırıq".

Sadıqov Azərbaycan futbolundakı problemlərə də toxunub. O, deyib ki, yerli mütəxəssislərin futbola baxışı dəyişməlidir: "Daha doğru analiz aparmaq lazımdır. "Roma" ilə görüşdə Edin Cekonu "ikinci mərtəbə"də saxlaya bilsəydim, "Qarabağ"da deyil, "Manchester City"də oynayardım. Futbol ictimaiyyətinin baxışı dəyişməlidir. Kənardan baxıb, danışmaq asandır". Rəşad Sadıqov Çexiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra Azərbaycan yığması ilə vidalaşıb.