Əbülfəs Qarayev: "Baku Shopping Festival"a 400-dən çox ticarət obyekti qoşulacaq"


İqtisadiyyat 12 Okt 2017 12:07:00 440 0

Əbülfəs Qarayev: "Baku Shopping Festival"a 400-dən çox ticarət obyekti qoşulacaq"

II Bakı Ticarət Festivalı oktyabrın 15-də başlayacaq

II Bakı Ticarət Festivalı ("Baku Shopping Festival") oktyabrın 15-də başlayacaq.

“Report” xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında festivala 400-dən çox ticarət obyektinin qoşulacağını deyib.

Onun sözlərinə görə, noyabrın 15-dək davam edəcək festival çərçivəsində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən mağazalardan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər: "Həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur".

Qeyd edək ki, "Baku Shopping Festival - Tax Free" nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. Festivalın rəsmi tərəfdaşları Vergilər Nazirliyi, "Azərbaycan Hava Yolları" (AZAL), "ASAN xidmət" və "AzərTürkBank"dır.

Xatırladaq ki, I Bakı Ticarət Festivalı bu il aprelшт 10-dan mayın 10-dək keçirilib.