Baş katib BMT-nin büdcəsini 200 milyon dollara qədər azaltmağı təklif edib


Dünya 12 Okt 2017 11:11:16 346 0

Baş katib BMT-nin büdcəsini 200 milyon dollara qədər azaltmağı təklif edib

Antoniu Quterriş BMT-nin 2018-2019-cu illər üçün büdcəsi ilə bağlı təkliflərini təqdim edib

BMT-nin baş katibi Antoniu Quterriş təşkilatın 2018-2019-cu illər üzrə büdcəsi ilə bağlı təkliflərini Baş Assambleyanın 72-ci sessiyasının Beşinci Komitəsinin nümayəndə heyətinə təqdim edib.

"Report" xəbər verir ki, məlumatı BMT-nin mətbuat xidməti yayıb. 

Baş katib iki illik büdcənin 5,4 milyard dollar olmasını və bu formada təsdiqlənməsini xahiş edib. Bu, 2016-2017-ci illər üçün ayrılmış büdcədən 200 milyon dollar və ya 4 faiz azdır.

Baş katib Beşinci Komitənin nümayəndə heyətindən 9998 vəzifədən ibarət ştat cədvəlini təsdiqləməyi də xahiş edib. Bu, ümumilikdə indiki ştat cədvəlindən 92 vəzifə azdır.

Ümumilikdə BMT-də 175 vəzifə ləğv ediləcək. Bu ixtasarlar 79 yeni vəzifənin yaradılmssı ilə qismən kompensasiya olunacaq.

A.Quterriş tezliklə Baş Assambleyaya BMT-də islahatlarla bağlı təkliflərini təqdim edəcəyini bildirib: "İslahatlarla bağlı təkliflər 2018-2019-cu illər üçün nəzərdə tutulan büdcəyə təsir etməyəcək".

Onun sözlərinə görə, islahatlar layihəsi təsdiqlənəcəyi təqdirdə, sənəd 2020-ci ildən qüvvəyə minəcək. 

Xatırladaq ki, BMT-nin müntəzəm büdcəsi təşkilata üzv dövlətlərin ianələri hesabına formalaşır. İanənin həcmi BMT-nin ümumi xərclərindən asılı olaraq, faiz göstəricisi ilə müəyyən olunur.