Google aerostatları mobil rabitəni bərpa etdi


Digərləri 12 Okt 2017 07:41:00 284 0

Google aerostatları mobil rabitəni bərpa etdi

"Google" şirkətinə məxsus ABŞ-ın "Alphabet" holdinqinin innovativ laboratoriyasının mütəxəssisləri "Project Loon" hava şarları vasitəsilə Puerto-Rikonun "İrma" və "Mariya" qasırğalarından ziyan çəkən bir sıra ərazilərində mobil rabitəni qismən bərpa etməyə nail olublar.

Son.az ICTnews-a istinadən bildirir ki, işlər davam edir və yerli hakimiyyət artıq "Google" aerostatlarından telekommunikasiya xidmətlərinin göstərilməsi üçün istifadəyə icazə verib. Hazırda mütəxəssislər avadanlığın gələcək inteqrasiyası və sazlanması ilə məşğuldurlar.

Bildirilir ki, sentyabrın 29-da xidmətlərini təklif edən mütəxəssislər analoji şəkildə mobil rabitənin fəaliyyətini, o cümlədən bir müddət əvvəl Peruda leysan yağışlar səbəbindən telekommunikasiya qüllələrinin və digər avadanlıqların sıradan çıxdığı əksər xidmətlərin işini bərpa etdiklərini bildiriblər.  

Bərpa işləri bir neçə gündür davam etməsinə baxmayaraq ABŞ Federal Rabitə Komissiyası hələ çoxlu görüləsi işin olmasını bəyan edərək bəzi yerlərdə mobil rabitə və internetin 20 faiz bərpa edilməsini, bir sıra regionlarda isə ümumiyyətlə bərpa edilmədiyini qeyd edib.

Qeyd edək ki, "Project Loon" proqramı çərçivəsində "Google" günəş batareyalarından enerji alan yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş aerostatlar vasitəsilə internetin paylanmasını həyata keçirir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrinin sürəti ilə eyni səviyyədə olacaq.