Radioaktiv qabanlar aşkar edilib


Digərləri 11 Okt 2017 21:24:00 331 0

Radioaktiv qabanlar aşkar edilib

Çernobıl faciəsindən 31 il keçməsinə baxmayaraq, bu qəzasının təsir dairəsinə düşən ərazilərdəki heyvanların bədənində radiasiya səviyyəsi hələ də yüksəkdir. Son vaxtlar bu ərazilərdən gələn vəhşi qabanların İsveçdə də görünməsi yerli fermerlərin ciddi narahatlığına səbəb olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Uppland və Yevle əyalətlərinin sərhədində güllə ilə vurulmuş vəhşi qabanın bədənində radiasiya səviyyəsini ölçərkən məlum olub ki, bu göstərici İsveç Qida Məhsulları Agentliyi tərəfindən müəyyən edilmiş təhlükəsiz həddindən on dəfə yüksəkdir. "The Telegraph" nəşrinin verdiyi məlumata görə, həmin qaban 31 il əvvəl baş vermiş Çernobıl fəlakəti nəticəsində radioaktiv çöküntülərlə zəhərlənmiş ərazidən keçib.

Ekoloqlar Stokholmdan təxminən 160 kilometr məsafədə yerləşən Yevle bələdiyyəsinin ovçularına radioaktiv qabanlar barədə xəbərdarlıq ediblər.

Alimlər qeyd edirlər ki, Yevle və Uppsala arasında yerləşən bəzi rayonlarda torpağın radioaktiv maddələrlə zəhərlənməsinin təsiri hələ də davam edir. Onlar deyirlər: "Burada radiasiya səviyyəsi bizim indiyə qədər ölçə bildiyimiz ən yüksək dərəcədə - 16.000 Bk/kq həddindədir".