Oksana Elşad Xose ilə münasibəti haqda: "5 ildir boşanmışıq, amma..." FOTO


Şou-biznes 11 Okt 2017 21:09:00 457 0

Oksana Elşad Xose ilə münasibəti haqda: "5 ildir boşanmışıq, amma..."  FOTO

"Filmdə bəzi münasibət səhnələr var idi ki, onlar bizim həyatımızdan çoxdan götürülmüşdü"

Rəqqasə Oksana Rəsulovanın Son.az-a müsahibəsi.

- Oksana, uzun illərdir hind rəqslərinin mahir ifaçısısınız. Amma kino sahəsində özünüzü sınamağınız son 2-3 ildə oldu. Daha əvvəl aktrisa kimi fəaliyyətə başlamamağınıza səbəb nə idi?

- Mən uşaqlıqdan hind rəqsləri ilə məşğulam. Bu illər ərzində mən hind rəqslərində kifayət qədər nailiyyət qazanmışam. Hind rəqsləri dünyada bəlkə də ilk rəqslərdir ki, musiqi belə olmasa hərəkətindən bilmək olur ki, bu hind rəqsidir. Məni aktrisa olmağa məhz hind rəqsləri vadar etdi. Hind rəqsləri mənim üçün çox önəm daşıyır. Demək olar ki, ruhumun bir parçasıdır. 2012-ci ildə mən Bollivudda Anupan Ker aktyorluq məktəbinə qəbul oldum və orada oxudum. 6 aylıq kurs keçəndən sonra dünya səviyyəli diploma layiq görüldüm. 2014-cü ildə Hindistanın aktyorluq yarışmasına qatıldım və orada birinci yerə layiq görüldüm. Bundan öncə isə mən ilk addımlarımı aktrisa kimi türk və yerli məşhurların kliplərində atmışam. Aktrisa kimi ikinci və böyük bir addımı Mədəniyyət və Turizm Nazirliyinin yaratdığı, Nizami Gəncəvinin yubileyinə həsr olunmuş "Leyli və Məcnun" müziklında atdım. Burada mən rəqslərlə bərabər, aktrisalıq imkanlarımı da göstərə bildim. 6 ay müddətində "Bacanaqlar" serialında Seva obrazında çəkildim. Kənan Musayevin çəkdiyi "Zaman adlı qatar" filmində də baş rolu ifa etdim. Daha sonra isə Samir Kərimoğlunun rejissorluğu, "Oksi" medianın rəhbərlik etdiyi "Şər qarışanda" filmində baş rolu oynadım. Çətin rollardan biri olsa da mən bunun öhdəsindən gələ bildim. Bu roluma görə mən peşəkarlardan çox gözəl sözlər eşitmişdim. Bundan sonra "Bratli", "Bayram axşamı" filmlərində rol aldım. Sonuncu çəkildiyim "Mələyin öpüşü" filmində isə düşünürəm ki, mən yetərincə aktrisa kimi nailiyyət qazandım.

- Nə vaxtsa rəqslərinizdən tamamilə imtina etmək fikriniz varmı?

- Xeyr, mən rəqslərimi heç vaxt ata bilmərəm. Mənim məktəbim fəaliyyət göstərir və tələbələrim də var. Heç vaxt hind rəqslərimə xəyanət edə bilmərəm. Aktyor sənəti öz yerində, rəqslər də öz yerində Düşünürəm ki, bu iki yeganə sənətdir ki, biri-birinə mane ola bilmir.

- Ümumiyyətlə sizə rəqs sənətinizdə kim qadağa qoya bilər?

- Düşünmürəm ki, kimsə mənə qadağa qoya bilər. Çünki artıq o yaşda deyiləm. Vaxtilə keçmiş həyat yoldaşım, anam və atam tərəfindən qadağalar olub, qəbul edib onlarla razılaşmışam. Elə qadağalar da olub ki, qəbul etməmişəm. Çünki biraz inadcıl insanam. Təbii ki, gələcəkdə ailə həyatı qursam, bəzi qadağalar ola bilər ki, filan yerdə oynamayım, toylara getməyim.

- "Mələyin öpüşü" filmindəki hadisələrin həyatda da olmasını istərdiniz, yoxsa elə "filmdə qalsa yaxşıdır" deyə düşünürsünüz?

- Xeyr, elə filmdə qalsa yaxşıdır. Mən heç kimə bu cür həyat arzulamazdım. Filmdə bəzi münasibət səhnələr var idi ki, onlar bizim həyatımızdan çoxdan götürülmüşdü.

- Filmin uğurlu alınmasının əsas səbəbi nə idi?

- Həqiqətən film çox səs-küyə səbəb oldu, uğurlu alındı. Bu uğurun səbəbi məncə filmdə çox peşəkar aktyorlar-Fuad Poladov, Şamil Süleymanov, Münəvvər Əliyevanın olması və Elşadla Oksananın sevgi macərası idi. O sevgi macərası ki, indiyənə qədər yaddaşlardan, qalmaqallardan düşmür. Baxmayaraq ki, 5 ildir biz boşanmışıq, amma yenə də insanların marağındayıq. Filmin uğurlu olmasının digər bir səbəbi də rollarımızı çox səmimi oynamağımız idi. Çünki biz bir-birimizi çox gözəl tanıyırıq.

- Filmə dəvəti Elşad Xose necə qarşıladı?