Həkimdən küçədə satılan peraşkilərlə bağlı


Digərləri 11 Okt 2017 19:33:00 348 0

Həkimdən küçədə satılan peraşkilərlə bağlı

Bakıda yol kənarlarındakı köşklərin qarşısında insanların toplaşıb, peraşki yediyini görmək adi haldır. Toz-torpaqlı paytaxt havasında üzərində kifayət qədər yağ olduğu üçün havada uçuşan tozun asanlıqla üzərinə yapışdığı qutabları, peraşkiləri yeyənlərin yol verdiyi qeyri-gigiyenik hərəkətlər bununla bitmir. Onların hamısı dişlədikləri qutabları balaca bir qabda ortaya qoyulan eyni tamat sousuna batırırlar. Bu kimi halları xüsusilə günorta saatlarında daha çox müşahidə etmək mümkündür. Bu cür qidaları şəhərin küçələrində satanlara da rast gəlmək olur.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov report-a bildirib ki, hazırda heç bir yoxlama aparılmadığından baş verən neqativ hallarla bağlı məlumat yoxdur: "Bununla yanaşı, peraşkilərin, qutabların eyni qabda olan sousa batırılıb-yeyilməsi gigiyenik qaydaların pozulmasıdır. Gigiyenik tələblərin pozulması insanlarda xəstəliklərin yayılmasına səbəb ola bilər. Ümumiyyətlə, peraşki və qutabların təkrar yağda qızardılması, tomat sousunun birlikdə istifadə olunması yolverilməzdir. Əgər bitki məşəli yağdan istifadə olunursa, ilk istifadədən sonra atılmalıdır. Təkrar istifadəsi yolverilməzdir".

Həkim-terapevt İbrahim Əfəndiyev isə bildirib ki, açıq havada, plastik qablarda peraşki və qutabların saxlanması, istifadə olunması yolverilməzdir. Onun sözlərinə görə, bu cür qidaların bişirilmə qaydası da sanitariya qaydalarına uyğun gəlmir: "Məhsulun xəmirinin harada və kimlər tərəfindən necə hazırlandığı bilinmir. Yağlar bir dəfə qızartmadan sonra atılmalıdır. Amma hazır peraşkilərin üzərinə yapışmış qara nöqtələr yağların təkrar-təkrar istifadəsinin göstəricisidir. Bunlar da güclü toksiki təsirə malikdir. Gələcəkdə həm beyin sisteminə, həm damarların divarlarına mənfi təsir göstərir".