"Bu çaylardan imtina edin"


Digərləri 11 Okt 2017 15:02:00 517 0

"Bu çaylardan imtina edin"

Ürəyimiz yananda, başımız ağrıyanda ağırıkəsici kimi istifadə etdiyimiz bircə stəkan pürrəngi çay... Kimisi onu armudu stəkanda, kimisi fincanda, kimisi limonlu, kimisi yalnız qəndlə, kimisi mürəbbə ilə içməyi xoşlayır. 

İçdikcə də içilir... Nahaq yerə deməyiblər ki, çayın biri qaydadı, ikisi cana faydadı. Üçü nəsdi, dördü bəsdi. Çatdı beşə, vur on beşə. Çay nədi, say nədi... 

Son.az modern-ə istinadən xəbər verir ki, çay bitkisi ilk dəfə Qafqazda 19-cu əsrin 40-cı illərində Qafqaz canişini Vorontsovun göstərişi ilə Suxumidə əkilib. Təcrübələr uğurlu olduğundan1876-cı ildən onun Qafqazda artırılmasına başlanıb.

Azərbaycanda 1892-ci illərdə təcrübə üçün gətirilmiş sortlar Lənkəran, Car-Balakən rayonlarında əkilib. SSRİ dövründə Azərbaycan çay plantasiyalarının genişliyi ilə fərqlənib. 

Dünyada hər il təxminən 1120 ton hazır çay istehsal olunur. Çay istehsalına görə ilk yeri 500 min hektarla Çin tutur. Sonra Hindistan və Şri-Lanka gəlir. 2016-cı ildə Çində 880 min ton, Hindistanda 789 min ton, Şri-Lankada 303 min ton  çay istehsal olunub.

Min illərdən bəri ayrı-ayrı xalqlar vazkeçilməz içki kimi qida rasionumuza daxil olan çayı müxtəlif cür dəmləyir. Məsələn, çinlilər çayı əvvəlcədən qızdırılmış çaynikə atır, üstünə qaynar suyu tökür, 3 dəqiqədən sonra farfordan hazırlanmış fincanlara süzüb, qaynar-qaynar, həm də qəndsiz içirlər. Yaponlar çayı əvvəlcə xüsusi hazırlanmış həvəngdəstədə əzib, toz halına salırlar. Sonra əvvəlcədən qızdırılmış çaynikə atıb, üstünə hərarəti 70 selsidən yuxarı olmayan qaynamış su töküb, 2-3 dəqiqədən sonra içirlər. Yaponların dediklərinə görə, bu cür dəmlənmiş çay, öz müalicəvi əhəmiyyətini saxlamaqla yanaşı, həm də çox ətirli olur. 

İsveçrəlilər qaynayan südə əvvəlcə qənd əlavə edirlər, onun ardınca, quru çayı atıb, odu söndürürlər. Tam soyuduqdan sonra içirlər.