"Bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır"


Digərləri 11 Okt 2017 14:27:00 351 0

"Bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır"

Bu gün nəinki Avropa strukturlarında, bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır.

Son.az xəbər verir ki, bunu Trend-ə Brüsseldə Avropa İttifaqı (Aİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak edən DQİDK-nin sədr müavini Səyavuş Heydərov deyib.

Keçirilən tədbir və Brüsselə səfər çərçivəsində baş tutan görüşlər haqqında danışan S.Heydərov bildirib ki, Azərbaycandan olan böyük nümayəndə heyəti çox əhəmiyyətli tədbirlərdə və görüşlərdə iştirak edib.

O qeyd edib ki, nümayəndə heyətinə Azərbaycanda fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmaların nümayəndələri daxil idilər: "Tədbirlər zamanı bir sıra önəmli görüşlər keçirdik. Bunlardan Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard və Avropa Parlamentinin birinci vitse-prezidenti xanım Mayrid MakGinneslə görüşlərimizi xüsusi vurğulamaq istərdim. Qeyd etmək istəyirəm ki, ilk dəfədir Aİ-nin bu səviyyəli nümayəndələri Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri ilə görüşürlər. Nəzərə alsaq ki, Azərbaycan Avropa İttifaqının xüsusi önəm verdiyi tərəfdaş ölkələrdən biridir, dövlət rəsmiləri ilə ikitərəfli və çoxtərəfli mütəmadi görüşlərin keçirilməsini adi hal kimi qəbul etmək olar. Lakin bu şəxslər bu dəfə Azərbaycandan olan dini icmaların nümayəndələri ilə, başqa sözlə desək, sadə insanlarla görüşdülər, onların gündəlik həyat tərzi, fəaliyyətləri barədə özlərindən məlumat əldə etdilər".

S.Heydərov bildirib ki, bundan başqa, Avropa Parlamentinin deputatı Səccad Kərim, Avropa Parlamentinin Avropa Xalq Partiyasını təmsil edən deputatları Zelyana Zovko, Gyorgi Holveni və Yan Olbrayt, o cümlədən Aİ-nin xarici siyasət xidməti strukturunun rəhbərliyində təmsil olunan digər şəxslərlə görüşləri qeyd etmək mümkündür: "Bu görüşlərin xüsusi əhəmiyyəti ondan ibarət idi ki, qeyd etdiyim şəxslərdə və onların təmsil etdikləri qurumlarda ölkəmizlə, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini icmalar və mövcud dini durumla bağlı daha obyektiv fikirlər formalaşdı".

S.Heydərov qeyd edib ki, Azərbaycanla bağlı istənilən məsələ Avropa üçün həmişə maraqlı olub: "Bunun da kökündə, zənnimcə, ölkəmizdə tarixən mövcud olan xalqların birgəyaşayışı istiqamətindəki uğurlu strategiyadır. Fəxrlə deyə bilərik ki, bu gün nəinki Avropa strukturlarında, bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır. Dünyada hazırda din pərdəsi altında gedən siyasi çəkişmələr, dini zəmində baş verən münaqişələr baxımından bizim bu tolerant mühiti qoruyub saxlamağımız xüsusilə diqqət mərkəzindədir. Bununla əlaqədar, deyə bilərik ki, səfər zamanı həyata keçirdiyimiz görüşlərdə Avropa İttifaqının nümayəndələri Azərbaycanda mövcud olan dini tolerantlıq mühitini yüksək qiymətləndirdilər və bu cür birgəyaşayış modelinin bir çox dünya ölkələri üçün örnək ola biləcəyini qeyd etdilər. Ümumilikdə, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı oynadığı rol ilə yanaşı, dünyada qlobal təhlükəsizlik probleminin əsasını təşkil edən dini zəmindəki münaqişələrin dayandırılmasında özünəməxsus modeli ilə böyük töhfələr verəcəyi vurğulandı. Buna misal olaraq, 2016-cı ilin Azərbaycanda "Multikulturalizm İli", cari ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi diqqətə çatdırıldı".

Aİ ilə gələcək əməkdaşlığın perspektivləri haqqında danışan S.Heydərov bildirib ki, bu əməkdaşlıq təkcə yuxarıda qeyd olunan görüşlərlə yekunlaşmır: "Gələcək planlar içərisində bir sıra maraqlı layihələr var ki, bunların da tərəflər üçün faydalılıq dərəcəsi prioritetlərə görə müəyyənləşəcək. Biz artıq daha böyük layihələr üzərində işləyirik. Bilirsiniz ki, Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəfdaş ölkələr üçün hazırlanmış Tvinninq, TAİEX kimi alətləri mövcuddur. Yaxın gələcəkdə biz bu mexanizmlərdən yararlanmaqla, Avropa ilə əməkdaşlığımızı daha da genişləndirmək fikrindəyik. Digər tərəfdən, Aİ-nin daxili proqram və layihələri də var ki, qeyri-üzv dövlətlər də onlardan yararlana bilərlər. İlkin razılaşmalara əsasən deyə bilərik, biz də artıq bu layihələrdə iştirak edəcəyik. Nəzərə almaq lazımdır ki, müasir dünyada dini zəmində baş verən münaqişələr və onların törətdiyi fəsadlar bu gün Avropada xüsusi narahatlıq doğurur. Buna görə də Avropa etnik, dini, mədəni fərqliliklərin daha optimal idarə edilməsi üzərində baş sındırır. Azərbaycanın bu sahədəki nailiyyətləri isə danılmazdır. Buna görə də həm biz, həm də Avropa strukturları qarşılıqlı əməkdaşlığı genişləndirmək əzmindəyik".

Komitə sədrinin müavini səfər çərçivəsində vətəndaş cəmiyyətləri ilə də keçirilən görüşlərə toxunub. O qeyd edib ki, vətəndaş cəmiyyəti üzvləri ilə görüşlər zamanı Azərbaycanda olan dini tolerantlıq mühiti və dövlətin bu istiqamətdə yürütdüyü siyasətdən bəhs olunub: "Bunlardan əlavə, dini konfessiyaların nümayəndələri Avropa Parlamentinin deputatları ilə görüşlərdə diqqəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalması faktına yönəldərək bildirdilər ki, bu ərazilərdə əsrlərlə tarixə malik müsəlman və xristian dini abidələri məhv edilib. Parlamentarilərin nəzərinə çatdırıldı ki, Ermənistanın təcavüzkar siyasəti olmasaydı, Brüsselə səfər edən Azərbaycandan olan dini konfessiyaların tərkibində erməni din xadimləri də rahatlıqla iştirak edə bilərdilər. Görüş çərçivəsində Avropa Kilsələrinin Konfransı Təşkilatı və Azərbaycanda fəaliyyət göstərən protestant icmalar arasında gələcək əməkdaşlıq barədə ilkin razılaşma əldə olundu. Ümid edirik ki, bu əməkdaşlıq Avropanın rəsmi strukturlarında Azərbaycan haqqında obyektiv fikrin formalaşmasına öz töhfəsini verəcək".

S.Heydərov həmçinin vurğulayıb ki, səfər çərçivəsində NATO-nun baş qərargahında bu təşkilatın ictimai diplomatiya bölməsinin rəhbərləri səfir Tomaş Xlon, professor Gerlinde Nihus və Despina Afentuli də görüş baş tutub. Onun sözlərinə görə, görüşdə NATO-nun siyasi prioritetləri və tərəfdaşlarla münasibəti barədə məlumat verildi, bu gün dünyanı narahat edən təhlükəsizlik və terrorizm problemləri müzakirə edildi: "Ümumiyyətlə, hazırda dünyada NATO öz təhlükəsizlik siyasətini yalnız Avratlantik məkanda deyil, həmçinin ondan kənarda da həyata keçirməyə çalışır. Günümüzdə dini zəmində baş verən münaqişələr onu göstərir ki, bu sahədə müvəffəqiyyət hələ əldə olunmayıb. Ona görə, dünya düzəninin institusional çərçivədə təhlükəsizliyinin təmin edilməsi üzrə dini aspektdən təkliflər, eləcə də dinin siyasiləşdirilməsinə son qoyulması ətrafında müzakirələr aparıldı. Qeyd edilən problemlərin həlli üçün nəticə və fəsadlarla yanaşı, səbəblərlə, ikili standartlarla mübarizənin vacibliyi vurğulandı, o cümlədən dini tolerantlığın təşviq olunması, bu problemin həlli istiqamətində müzakirələr üçün ekspertlərdən ibarət yeni platformanın yaradılması tərəfimizdən təklif edildi. Görüşlər çərçivəsində Azərbaycanda dini radikalizmlə mübarizə istiqamətində dini icmalar səviyyəsində həyata keçirilən layihələr barədə məlumat verildi, o cümlədən dini və multikultural təhlükəsizliyin təmina