Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilmə vaxtı müəyyənləşib


İqtisadiyyat 11 Okt 2017 13:18:48 324 0

Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilmə vaxtı müəyyənləşib

İctimai Şuraya seçkilər 24 oktyabr 2017-ci il tarixində Nazirliyin iclas zalında keçiriləcək

Azərbaycan Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılacaq İctimai Şuraya seçkilərin vaxtı dəqiqləşib.

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

"İctimai iştirakçılıq haqqında" qanuna (22 noyabr 2013-cü il), bu qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 16 yanvar 2014-cü il tarixli fərmanına və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq Energetika Nazirliyi yanında İctimai Şura üzvlüyünə 9 nəfərin namizədliyi qeydə alınıb. İctimai Şuraya seçkilər 24 oktyabr 2017-ci il tarixində saat 11:00-da Nazirliyin (Hökumət Evi) iclas zalında keçiriləcək.

Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilib. İctimai Şura üzvlüyünə 11 nəfərin namizədliyi qeydə alınıb. İctimai Şura üzvlüyünə seçkilərin keçirilməsi ilə bağlı namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda İctimai Şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçiləcək. Birgə yığıncaqda iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər İctimai Şuranın tərkibinə seçilmiş hesab olunurlar.

Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları (1 nəfər olmaqla ) seçki gününə 10 gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər.

Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi və seçilən vətəndaş cəmiyyəti institutları ilə bağlı ətraflı məlumatlar nazirliyin rəsmi internet səhifəsində (http://www.minenergy.gov.az/) mütəmadi yerləşdiriləcək.