Nazirlər Kabinetinin Aparatı növbəti il üçün iş planına dair təklifləri noyabrın 1-dək Baş nazirə təqdim edəcək


Siyasət 11 Okt 2017 12:32:03 444 0

Nazirlər Kabinetinin Aparatı növbəti il üçün iş planına dair təklifləri noyabrın 1-dək Baş nazirə təqdim edəcək

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”də əksini tapıb

Nazirlər Kabinetinin (NK) Aparatı hər növbəti il üçün iş planına dair təklifləri hər il noyabr ayının 1-dək Baş nazirə təqdim edəcək.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”də əksini tapıb.

NK-nın Aparatı Nazirlər Kabinetinin səlahiyyətlərinin həyata keçirilməsinə dair təkliflər vermək, müvafiq hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti subyektlərlə razılaşdırmaq, habelə onların hazırlanmasında iştirak etmək, təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları Baş nazirə və onun müavinlərinə, habelə Nazirlər Kabineti Aparatının rəhbərinə təqdim etmək, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və xarici ölkələrin dövlət orqanları ilə əməkdaşlıq etmək, əməkdaşlığa dair təkliflər hazırlamaq, beynəlxalq, ölkə və ya region miqyaslı tədbirlərdə iştirak etmək, hər hansı məsələnin araşdırılması və ya həlli üçün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin əməkdaşlarını, müstəqil ekspert və mütəxəssisləri cəlb etməklə işçi qruplar yaratmaq, mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına, dövlətin hüquqi şəxslərinə, yerli özünüidarəetmə orqanlarına, habelə fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq, müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək, mərkəzi icra hakimiyyəti orqanlarının kollegiya iclaslarında iştirak etmək, Nazirlər Kabineti Aparatının əməkdaşlarının maddi təminatının, əmək və sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə Baş nazirə təkliflər vermək hüququ var.