Azərbaycanda "Uşaq hüquqları aylığı" keçiriləcək


Digərləri 11 Okt 2017 12:07:00 373 0

Azərbaycanda "Uşaq hüquqları aylığı" keçiriləcək

Azərbaycanda "Uşaq hüquqları aylığı" keçiriləcək.

Bakı. Azərbaycanda "Uşaq hüquqları aylığı" keçiriləcək. Bu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, bu il Azərbaycan tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının ratifikasiya edilməsinin 25 ili tamam olur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının müdafiəsi və təşviqi sahəsində respublikada bir sıra mühüm tədbirlər həyata keçirilib. Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkədə “Uşaq hüquqları aylığı” elan edilir. Ombudsman “Uşaq hüquqları aylığı” keçirilməsi ilə bağlı müvafiq dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna müraciət edib. Hər il keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən uşaqların fəal iştirakı ilə uşaq hüquqları mövzusunda müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaq hüquqlarının səmərəli təmininə və təbliğinə xidmət edir. Aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək tədbirlər haqqında məlumatlar Ombudsmana təqdim ediləcək və bununla bağlı ictimaiyyət məlumatlandırılacaq. Aylıq çərçivəsində keçirilən tədbirlər ölkədə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək. Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunub və uğurla həyata keçirilir.