BMT Əhali Fondu: Azərbaycanın qarşısı çətin alınacaq problemlərlə üzləşə biləcəyi ehtimalı çox böyükdür


Digərləri 11 Okt 2017 11:59:16 194 0

BMT Əhali Fondu: Azərbaycanın qarşısı çətin alınacaq problemlərlə üzləşə biləcəyi ehtimalı çox böyükdür

BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi Azərbaycanda doğulan uşaqlar arasında cinsi nisbətinin pozulmasından narahatlığını bildirib.

Bakı. İlhamə İsabalayeva – BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi Azərbaycanda doğulan uşaqlar arasında cinsi nisbətinin pozulmasından narahatlığını bildirib. Trend-in məlumatına görə, BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin 11 oktyabr - Beynəlxalq Qız Övladları Günü ilə əlaqədar hazırladığı məlumatda qeyd edilir ki, cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər qızların ailədə arzu olunmaz övlad olmasına səbəb olur: “Təəssüflər olsun ki, ölkəmizdə qız övladına münasibət birmənalı deyil. Cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər qızların ailədə arzu olunmaz övlad olmasına səbəb olur. Məhz bu münasibət nəticəsində doğulan uşaqlar arasında cinsi nisbətin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, ölkəmizdə bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin keçdiyi yola nəzər salsaq, belə dinamikayla Azərbaycan cəmiyyətinin qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə biləcəyini ehtimalı çox böyükdür”. Məlumatda bildilir ki, bu problem BMT-nin Əhali Fondunu çox narahat edir. Bunu nəzərə alaraq BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması məqsədilə bir sıra layihələri həyata keçirir: “Belə ki, bu layihələr çərçivəsində ölkədə ilk dəfə olaraq əsas auditoriya qismində məhz gənc kişilər və atalar əhatə olunur. Bu layihələr Avropa İttifaqı və Niderland Krallığının maliyyə dəstəyi ilə həyata keçirilir. Sözügedən layihələrin uğurlu icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də əsas hökumət tərəfdaşları kimi yaxından iştirak edərək, layihələrə əhəmiyyətli dəstək verirlər. Həyata keçirilən fəaliyyətlər sırasında qız uşaqlarının dəyərinin təşviq olunması məqsədilə video çarx (https://youtu.be/T9s3R2MupdY) hazırlanıb. Video çarx qız övladlarının həyatlarında ataların danılmaz rolunu vurğulayır. Video çarx vasitəsilə atalar qızlarının gələcəkdə üzləşə biləcəyi problemlərlə mübarizə apara bilməsi üçün onlara özünəgüvən hissini aşılamağa çalışırlar”.