Yaddaşsızlığın səbəbi nədir?


Digərləri 11 Okt 2017 01:30:00 375 0

Yaddaşsızlığın səbəbi nədir?

Müasir zamanda ən geniş yayılan problemlərdən biri də yaddaşın zəifləməsi, unutqanlıqdır. Tez-tez psixoloqa, terapevtə belə bu şikayətlərlə müraciət edirlər. Ekspertlərin fikrincə, bunun səbəbləri gündəlik həyatın stressli olması, çətin iş, keçmişlə yaşamaq və vitamin çatışmazlığıdır.

Son.az xəbər verir ki, psixoloq Raminə Həsənovanın "Ekspress"ə bildirdiyinə görə, günümüzdə qoyulan əşyaların tapılmaması, unutqanlıq aktualdır: "Unutqanlığın səbəbləri çoxdur. Bu ilk olaraq fikir dağınıqlığından, stressli iş şəraitindən, qayğıdan, depressiyadan və s. yaranır. İnsanlar adətən gün ərzində yaşadığı hadisələri öz-özlüyündə analiz-sintez edir və qayğı yaradan hadisələri hər dəfə fikirləşir. Günlər keçdikcə, fikirlər onu düşündürür. Məsələn, biz hərdən yol keçirik və işıqforda qırmızı yoxşa yaşıl rəngin yandığına baxmırıq. Sonra maşınlardan siqnal gələndə sanki yuxudan ayılmış kimi reaksiya veririk. Bu ondan qaynaqlanır ki, günlük həyatımızda biz fikirli və qayğılı oluruq. İnsanlar bu kimi hallardan qurtulmaq üçün ilk olaraq həkimə müraciət etməlidirlər. Diaqnoz qoyulduqdan sonra problem psixolojudursa, psixoloqa yönləndirilir ya da həkimlə psixoloq paralel iş görür. Elə hallar da olur ki, yaddaşsızlıq psixoloji problemdən yaranmır və psixoloqa ehtiyac qalmır".

R.Həsənova qeyd edib ki, unutqanlıq, yaddaşın zəifləməsi ilə bağlı ən çox psixoloqa stresli işdə işləyən insanlar, ailədə problemləri olanlar və gənclər müraciət edir: "İnsanlar bu hallara düşməmək üçün ilk növbədə ətrafında baş verən hadisələri düzgün analiz-sintez etməlidir. Baş vermiş hadisələrə obyektiv yanaşmalıdırlar. Ən əsası hər kəs özünü düzgün tanımalıdır. Kədərli, qəmli, stressli olduqda bu vəziyyətdən necə çıxacağını bilməlidir. Yaxud da baş verən problemi çox düşünməməlidir. Problemi düşündükcə insan neqativləşir. Bunun əksinə olaraq insan özünü toplayıb fikrini başqa yerə yönəltməlidir".

Psixoloq məsləhət görür ki, hər günümüzü daha gözəl keçirməyə çalışmalıyıq: "Keçmişlə çox bağlılıq yaratmayaq, çünki keçmiş keçmişə aparır, gələcəklə bağlı düşüncələrsə gələcəyə".

Müsahibimiz vurğulayıb ki, insanlar tez-tez əşyaların qoyduğu yeri xatırlamırlarsa, onlarda amneziyanın olduğunu düşünməyə başlayırlar: "Amma bu qorxulu şey deyil. Əgər biz ev ünvanımızı, telefon nömrəmizi, iş yerimizin ünvanını unuduruqsa, bu ciddi problemlərdən xəbər verir. Belə olan halda düşünə bilərik ki, yaddaşımızda ciddi problem var".