Xalqımızın ortaq dəyəri, böyük neməti


Digərləri 10 Okt 2017 21:20:00 352 0

Xalqımızın ortaq dəyəri, böyük neməti

Bismilləhir-Rahmənir-Rahim!

Salam olsun Peyğəmbərə (s) və onun pak Əhli-Beytinə (ə)!

Salam olsun Həzrət İmam Hüseynə (ə)!

Salam olsun Kərbəla şəhidlərinə!

Salam olsun Həzrət Zeynəbə (s.ə)!

Salam olsun Aşura karvanında olan və bu günlərdə əsirlik karvanında olan bütün əzizlərə!

Salam olsun bu nurani məktəbdən ibrətlər, dərslər götürərək, şəhadət məqamına ucalan bütün əziz şəhidlərə, xüsusən Qarabağ şəhidlərinə!

Xalqımız öz şəhidlərini Kərbəla şəhidlərinə saxladığı əza ilə dəfn edib

Bu günlər xalqımız, millətimiz, ümumən dünyada Həzrət Peyğəmbəri (s) və onun pak Əhli-Beytini sevən bütün əzizlər Peyğəmbərimizin (s) gözünün işığı olan Həzrət İmam Hüseynin (ə) xatirəsini yad edir, o müsibətləri xatırlayır və əzadarlıq edir. Həmd olsun Allaha ki, Vətənimizdə də, əsrlər boyu olduğu kimi, günümüzdə də Sovet dövrünü, ondan öncə Çar dövrünü yaşamasına baxmayaraq, xalqımız, millətimiz Məhərrəm-Səfər əyyamını, Aşuranı yaşadır, bu mənəvi ab-havanı yaşayır.

İlk dəfə 20 Yanvar şəhidlərini Şəhidlər Xiyabanında dəfn edən zaman, bu cür əzadarlıq mərasimlərinin şahidi olmuşduq. Yeniyetmə idik, əziz 20 Yanvar şəhidlərimizin əzadarlıq mərasimlərində ilk dəfə mərsiyələri, növhələri eşitdik, insanların əzadar olmasının, sinə vurmasının şahidi olduq.

Xalqımız başına gələn o müsibəti canlandırarkən, İmam Hüseynin (ə) əzadarlığından öyrəndiyi bir məktəbin ardıcılı, davamçısı olaraq bu mərasimləri yaşatdı. Millətimiz Kərbəla şəhidlərinin pak məktəbindən ibrət götürərək, Vətən uğrunda dünyasını dəyişən əzizlərə şəhid adını verdi.

Aşura - xalqımızın milli-mənəvi kimliyinin bünövrəvi mövzusudur

Artıq Sovetlər rejimi yoxdur. Sovetdən sonra düşündük ki, o dövrdə, Sovetin ideoloji düşüncəsi əsasında formalaşmış o təbəqə insanlar da gedəcək, insanlarımızın öz milli-mənəvi dəyərlərinə qayıdışı ən ali şəkildə həyata keçəcək, yeni bir ziyalı təbəqəsi formalaşacaq və ziyalımız xalqımızın milli-mənəvi dəyərlərinə sahib çıxacaq.

Amma, proses gözlədiyimiz kimi rahat getmədi. Təəssüflər olsun ki, hər il olduğu kimi, bu il də bir aşurafobiya yaşanmaqdadır. Sanki, bir qisim insanlar yarışa daxil olublar. Hərə bir bəhanə ilə, hərə bir forma ilə sanki növbəyə düzülüb ki, bu mövzuda öz neqativ mövqeyini ortalığa qoysun.

Təhlilimizdə bir qədər dərinə getsək, bu, natamamlıq kompleksinin bir formada təzahürüdür. Şəhid Mübarizləri sevən xalqımız, insanlarımız fərqindədir ki, həmin şəhidlik ruhiyyəsi Kərbəla məktəbində formalaşır. Aşuranın yaşadılması - xalqımız canlı olaraq əsrlər boyu yaşatdığı həyati folklorudur.

Heç bir xüsusi təbliğat olmadan, televiziya, radio iştirak etmədən, heç bir adminstrativ və bu kimi resurslar tətbiq edilmədən yüzminlərlə insan - namaz qılan da, namaz qılmayan da, ən ali savadlısı da, adi fərdi də bir yerə yığışırlar, bir ümumi qəhrəmanlarını yad edirlər, Həzrət İmam Hüseynə (ə) öz sevgilərini təzahür etdirirlər.

Həzrət İmam Hüseynin (ə) mərdanəlik, alicənablıq məktəbini tanıyırlar, ən üstün ləyaqətini, ən ali insanlıq nümunəsini tanıyırlar, tanıdırlar, o Həzrətin (ə) dəyərləri ilə həmrəyliklərini, İmamın (ə) müsibəti ilə həmdərdliliklərini ifadə edirlər.

Bəzən "azərbaycanlılıq", "Azərbaycan türkləri" ibarələrini çox eşidirik. Dünyada harada ki, azərbaycanlı, Azərbaycan türkləri varsa, onlar üçün öz milli kimliyinin saxlanmasında Aşuranı yaşatmaq istisnavi rol oynayır. Dünyanın harasına getsək, Azərbaycan türkünü axtarıb tapmaq istəsək, Aşura günü onu Həzrət İmam Hüseynin (ə) məclislərində tapacağıq. İğdırda da, İstanbulda da, Ankarada da, Qarsda da, Zəncanda da, Ərdəbildə də, uzaq Berlində, Londonda, Moskvada da - dünyanın hər yerində belədir.

Bu gün Moskvada, Rusiyanın hər yerində onminlərlə azərbaycanlını bir yerə toparlayan amil - məhz Aşura günü və Aşura əzadarlığıdır. Aşura - xalqımızı, millətimizi, Azərbaycan toplumunu birləşdirən ən ciddi məsələlərdən biridir. Azərbaycanda milliyyətindən asılı olmayaraq yaşayan bütün xalqların ortaq dəyəridir Aşura.

Dünya azərbaycanlılarının həmrəyliyinin ən bariz nümunəsi - Aşuranın yaşadılmasıdır

Azərbaycan xalqı tarixən məzhəbindən asılı olmayaraq, Aşuraya ehtiram edib. Aşura əzadarlığının bizim həm folklorumuzun formalaşmasında, həm klassik ədəbiyyatımızın nümunələrinin meydana gəlməsində, həm Azərbaycan muğamının, musiqisinin formalaşmasında, teatrının formalaşmasında müstəsna təsiri olub.

Aşura əzadarlığı və bunun yaşadılması - bütün xalqın könüllü, canlı, öz istəyi ilə, ruhiyyəsi ilə qatıldığı, iştirak etdiyi dəyərdir. Əlbəttə, bunu görüb, dərk edib, bununla qürur duymaq lazımdır. Amma, çox təəssüflər olsun ki, bunun əvəzinə bəzi insanlar müxtəlif bəhanələr axtarır. Toplumda Aşura ilə bağlı bu qıcığı yaşayan insanlarla bağlı maarifçilik işini daha da yaxşı səviyyədə aparmaq lazımdır. Görsənən budur ki, müxtəlif müzakirələr, debatlar, səmimi maarifçilik artmalıdır.