İdlib əməliyyatının Türkiyə, İran və İraq üçün önəmi


Digərləri 10 Okt 2017 19:16:37 360 0

İdlib əməliyyatının Türkiyə, İran və İraq üçün önəmi

Türkiyə silahlı qüvvələrinin Iraq ərazisində ilk hərbi əməliyyatları İraqın sabiq lideri Səddam Hüseynin razılığı əsasında , PKK və peşmərgə qüvvələrinə qarşı 1983- ci il mayın 25 də hayata keçirilib.

Bakı. Türkiyə Silahlı Qüvvələrinin (SQ) İraq ərazisində ilk hərbi əməliyyatları İraqın sabiq lideri Səddam Hüseynin razılığı əsasında, PKK və peşmərgə qüvvələrinə qarşı 1983-cü il mayın 25-də həyata keçirilib. Həmin vaxtdan 2011-ci ilə qədər Türkiyə SQ İraq ərazisində ümumilikdə 55-dən çox hərbi əməliyyat keçirib. 1997-ci il 13 oktyabrda keçirilən hərbi əməliyyatlar nəticəsində 800-dən çox PKK üzvü məhv edilib. 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdindən sonra isə, Türkiyə SQ həmin il avqustun 24-də Suriyada İŞİD terror təşkilatına qarşı “ Fərat qalxanı” adı altında hərbi əməliyyatlara başlayıb və nəticədə Cerablus və Əl Bab şəhərləri terrorçulardan tamamilə azad olunub. Bu il sentyabr ayından etibarən Türkiyədə artıq yeni hərbi əməliyyatların keçirilməsi barədə geniş müzakirələr aparılır. Bu əməliyyatların da “Fərat qalxanı” kimi Suriyada və Azad Suriya ordusunun (ASO) dəstəyi ilə aparılacağı gözlənilir. Qeyd edək ki, İdlibdə gözlənilən yeni hərbi əməliyyatlar “Fərat Qalxanı” əməliyyatından heç də asan olmayacaq. Məsələ bundadır ki, “Fərat Qalxanı” keçirilən bölgələrdə dinc əhalinin sayı 250 min nəfər idisə, İdlib şəhərinin 2 milyona yaxın sakini var. Ankaranın bu vaxta qədər keçirdiyi bütün hərbi əməliyyatlar terror təhlükəsini Türkiyə sərhədlərindən uzaqlaşdırmaq məqsədi daşıyırdı. Lakin artıq bəlli olur ki, başlanılması gözlənilən hərbi əməliyyat sadəcə Türkiyə deyil, eyni zamanda İran və İraq üçün də çox ciddi əhəmiyyət kəsb etməkdədir. Hazırda Suriyanın İdlib şəhəri qismən Azad Suriya ordusunun nəzarətində olsa da, şəhər daha çox bir zamanlar “Əl Qaidə” terror təşkilatına ideoloji bağlılığı ilə gündəmə gələn “Nusra Cəbhəsi” və digər silahlı radikal qruplaşmaların idarəçiliyi altındadır. İdlib eyni zamanda, Suriya ərazisində dövlət qurmaq niyyətlərini gizlətməyən PKK-nın Suriya bölməsi olan “PYD və YPG terror təşkilatları üçün böyük əhəmiyyət kəsb etməkdədir. Məlum olduğu kimi bu təşkilatlar davamlı şəkildə ABŞ tərəfindən silahlandırılmaqdadırlar. İdlib şəhərinin PYD və YPG-nin ələ keçməsi isə, Türkiyə sərhədlərinin təxminən 80 faizində kürd silahlı birləşmələrinin nəzarəti ilə nəticələnə bilər. Bu da öz növbəsində, Türkiyənin və Ərbildə keçirilən müstəqillik haqqında referendumdan sonra, parçalanma faktı ilə üzləşən İraqın maraqlarına xidmət etməyən yeni “kürd dövlətinin” yaranması deməkdir. Bölgədə etnik əsaslara dayanan yeni dövlətin qurulması heç şübhəsiz uzun illər separatizmdən əziyyət çəkən İranın da maraqları xaricindədir. Lakin İdlibdə yeni hərbi əməliyyatların keçirilməsi ilk növbədə ABŞ-ın bölgəni parçalamağa yönəlmiş siyasətinə ciddi əngəl törətməkdədir. Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri