"Oğlumun tez öləcəyini mənə demişdilər" Xanım İsmayılqızı


Digərləri 10 Okt 2017 16:09:00 402 0

"Oğlumun tez öləcəyini mənə demişdilər"  Xanım İsmayılqızı

Tanınmış şairə-bəstəkar Xanım İsmayılqızı yenicag.az-a müsahibə verib.

Son.az müsahibəni təqdim edir:

- Ad da alın yazısı kimidir. Bəlkə öz adını dəyişsəydin, taleyinin məlum faciəsi də baş verməyəcəkdi. Yəni Xanımın taleyini yaşamayacaqdın...

- Oğlum Fəridin ölümündən sonra bir onu düşünürdüm ki, kaş mən ona başqa ad qoyaydım. "Fərid" adının mənası seçilmiş, qeyri-adi, standartlardan uzaq, fərqli deməkdir. Oğlum elə bənzərsiz ömür yaşadı. O, doğulandan fərqli uşaq idi: qıvrım sarışın saçları, uzun kirpikləri, qara gözləri vardı... Küçədə mənə deyirdilər ki, belə uşağı bayıra çıxartmazlar, gözə gələr. Hətta qayınatam gedib Zərdabda demişdi, Əlisəfanın bir oğlu var ki, nəslimizdə elə uşaq olmayıb. Qohum-əqrəba ancaq onun gözəlliyindən danışırdı. Uşağım körpəlikdən gözə gəldi. Xəstəlikləri də qəribə olurdu: əvvəlcə saçları töküldü, sonra gözlərində problem yarandı. Mən onu ovcumun içində əsə-əsə böyütdüm. Onu aparmadığım həkim qalmadı. Heç kim onun saçlarının tökülməsinin səbəbini tapmırdı. Qəribəsi bilirsən nə idi? O sağalırdı, mən xəstələnirdim, o xəstələnirdi, mən sağalırdım. Yaşadığı 34 il ancaq belə keçdi.

- Eşitdiyimə görə, səninlə sonuncu dəfə sağollaşması da fərqli olub...

- (kövrəlir) Bir gün əvvəl gedib özünə əyin-baş almışdı. Həmin gün səhər duş qəbul etdi. Başdan-ayağa, hətta kəmərinə kimi təzə geyindi. Zarafata saldım mən də... Dedim, xeyir ola, görüşə-filana gedərsən birdən, xəbərim olmaz. Güldü. Qapıdan çıxanda da oynadı mənimçün. Mən də kandarda durub, gözlərimlə liftə qədər onu yola saldım. Liftin ağzında da əllərini sinəsinə qaldırıb, ləzginka oynayırmış kimi bir hərəkət etdi və liftə girdi...

Uşağım oynaya-oynaya getdi və... daha gəlmədi. Gülə-gülə yola saldığım balam evinə son dəfə çiyinlərdə qayıtdı.

- Fəridin ölümündən əvvəl yuxunu qarışdırmamışdın?

- Mən yox, amma özü ölümünü yuxuda görmüşdü. Mən də dedim ki, yuxunu tərsinə yozarlar. Sən bilirsən axı, onun birinci ailəsi dağılmışdı. Övladları da yox idi. Səbəbkar Fərid deyildi. Hətta özü həmişə zarafatla deyirdi ki, Allah bilir hardasa neçə uşağım böyüyür. İllər keçirdi, gəlib 34 yaşına çatmışdı. Deyirdim, ailə qur, sən də ev-eşik sahibi ol. Bir qohum qız vardı, xoşuna gəlirdi. Bir gün dedim ki, ay Allah, bu iş xeyirli olacaqsa, mənə bir işarə göndər. Həmin gün Fərid elə o qızı yuxuda görmüşdü. Görüb ki, hardasa bir tikinti gedir. Həmin qız da yaxınlaşıb ona deyib ki, Fərid, bizim oğlumuz olub. O da təəccüblənib ki, axı biz evlənməmişik, oğlumuz necə ola bilər ki? Deyir, o anda uzaqdan bir fəhlə əl arabasını sürə-sürə gəldi, dayandı ikimizin arasında. Baxdım ki, içində quma basdırılmış bir uşaq var. Uşağı qaldırıb baxanda gördüm ki, bu, mənim körpəliyimdir (səsi titrəyir)...

- Bir küçə, bir adam, bir də yalqızlıq... Bir ölüm, bir küçə və ADAMSIZLIQ...

Səhv etmirəmsə, sən bu şeirini 2013-də yazmısan. Və 1 il sonra eyni hadisə sənin övladının başına gəlir. Bu, nə idi belə? Tanrının xəbərdarlığı?