BMT tribunasına hörmətsizlik: Serj Sarkisyan yalanları ilə dünyanı aldadır


Dünya 10 Okt 2017 16:00:00 330 0

BMT tribunasına hörmətsizlik: Serj Sarkisyan yalanları ilə dünyanı aldadır

Mötəbər beynəlxalq təşkilat olan BMT-nin yüksək tribunasına çıxan hər bir kəs fikirlərində diqqətli olmalı, onların məsuliyyətini anlamalıdır.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, bu təşkilatın tarixində onun tribunasından dahi şəxsiyyətlər çıxış edib, dünyanın ağrılı problemləri barədə həqiqətləri söyləyiblər. Təəssüf ki, bir sıra hallarda BMT-yə heç yaraşmayan, onun səviyyəsində çıxış edə bilməyən "siyasətçilər" də həmin tribunadan danışa bilirlər. Ermənistana rəhbərlik edən Serj Sarkisyan bunun son nümunəsidir. Erməni lider orada Azərbaycan və Türkiyə əleyhinə tam əsassız, iftira və hədyan xarakterli fikirlər ifadə edib. O, sözün həqiqi mənasında dünyanı aldatmağa çalışıb. Sarkisyanın çıxışının məntiqi analizi onun yaramaz, şərəfsiz, ləyaqətsiz, şəxsiyyətini itirmiş bir nadanın xəstə təxəyyülündən doğan, böhtan, iftira və şər dolu bir cəfəngiyat olduğunu göstərir. Lakin, nədənsə, BMT kimi nüfuzlu təşkilat belə adamları da dinləməyə imkan verir. Bu səbəbdən S.Sarkisyanın ifadə etdiyi fikirlərin əsassızlığını oxuculara izah etməyi lazım bildik.

Siyasətdə mənəvi meyar: Sarkisyan bütün sərhədləri aşır

Azərbaycan xalqı həmişə regionda qonşularına böyük tolerantlığı ilə fərqlənib. Tarixə nəzər salsaq, bunun saysız-hesabsız nümunələrinin şahidi ola bilərik. O cümlədən ermənilərə Azərbaycanda bütün mümkün hörmətlər olub, onların hüquqları tam qorunub. Bunu Bakıda yaşamış istənilən erməninin öz dilindən eşitmək olar. Onlar indi də Bakının xiffətini çəkir, onun həsrəti ilə yaşayırlar. Lakin Ermənistanda siyasətçilər və şovinist vandallar başqa şeyə vay-şivən qurmaqda davam edirlər. Onlar vicdanını və tərbiyəsini itirmiş, qatil, özlərinin törətdiyi qətliamları başqalarının boynuna yıxmağa çalışan mənəviyyatsız insanlardır.

Serj Sarkisyan bunu BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında etdiyi çıxışında işlətdiyi hər cümlədə sübut etdi. O göstərdi ki, siyasətçi kimi nə məntiqi, nə vicdanı, nə də obyektivliyi var. Üstəlik, BMT kimi mötəbər bir beynəlxalq təşkilatın üzvlərinə yalan danışdığına görə daşıyacağı məsuliyyəti anlamayacaq dərəcədə hüquqi cəhətdən "keydir". Belə bir insanın hətta Ermənistan kimi qondarma bir dövlətə belə necə başçı "seçildiyini" sağlam məntiqlə anlamaq çətindir.

S.Sarkisyanın çıxışında nifrət və məhdud etnik maraqlara aludəçilikdən başqa heç bir məqam yoxdur. Elmdə belə bir metod var: hər hansı mətndə bir sözün neçə dəfə təkrarlanmasına uyğun olaraq mətnin məzmun və strukturunu da müəyyənləşdirmək olur. Sarkisyanın çıxışında "Ermənistan", "erməniçilik", "soyqırımı", "müharibə", "Arsax" tez-tez işlənən kəlmələrdir. Bu sözlər iki kontekstdə işlənib. Birincisi, Azərbaycan guya ermənilərə qarşı zor işlədib. İkincisi, Türkiyə "soyqırımı" törədibmiş, ancaq indi Ermənistanla əlaqə qurmaq istəmir. Bu şərtlərin çərçivəsində Azərbaycan və Türkiyə "orta əsr dəyərləri"ni daşıyan ölkələrdir. Bu səbəbdən də, "ay aman", BMT tədbir görməlidir. Üstəlik, sən demə, S.Sarkisyan bir neçə dəfə BMT tribunasından bu barədə "dünyanı xəbərdar edibmiş" (bax: Речь Президента Сержа Саргсяна на 72-ой сессии Генеральной Ассамблеи ООН / "president.am", 20 sentyabr 2017).

BMT kimi mötəbər bir təşkilat üçün uyğun olmayan məqamlardan biri təcavüzkar dövlətin başçısı olaraq S.Sarkisyanın başqasını hərbi təcavüzdə ittiham etməsindən ibarətdir. Çünki məhz BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini təsdiqləyən və dərhal zəbt olunan torpaqlardan erməni silahlı quldur dəstələrinin çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib! Həmin sənədlərdə açıq-aydın yazılıb: Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən dərhal çəkilməlidir.

Bu faktı BMT-nin bütün üzvləri bilirlər. Bəs onda hansı əsasla S.Sarkisyanın məsələni tamamilə tərsinə təqdim etməsinə - Azərbaycanı zorakı göstərməsinə göz yumurlar? Orada Azərbaycan və Türkiyə nümayəndələrindən başqa vicdanı olan bir insan yoxdurmu ki, "BMT-nin qəbul etdiyi sənədlərə görə təcavüzkar, zorakı, işğalçı, insan haqlarını kobudcasına pozan ölkə Ermənistandır", desin?! Bununla həm S.Sarkisyanın BMT-nin özünə qarşı hörmətsiz davranmasına cavab verilmiş, həm də həqiqət dünya ictimaiyyətinə bir daha çatdırılmış olardı. Lakin hamısı ağzına su alıb oturur. Özünü Azərbaycana dost və hətta qardaş kimi göstərən İran və Rusiya nümayəndələri də dillənmirlər. Özlərini demokratiya, insan haqları və azadlığın beşiyi sayan ABŞ və Avropanın səsi batıb. Türkiyədə FETÖ-çüləri qoruyan Almaniya lal olub. Hanı sizlərin ədalətiniz, obyektivliyiniz, demokratikliyiniz? BMT-nin ortada olan 4 qətnaməsini belə S.Sarkisyan kimi dələduzlara və canilərə xatırlatmaq istəmirsiniz! Sizlər bununla dünyaya demokratiya yaymaq fikrindəsiniz? Heç vaxt alına bilməz!

Gürcüstan səsini çıxarmır. Ukrayna etirazını bildirmir. Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan heç olmasa, sual vermirlər! Türkiyədən başqa meydanda olan yoxdur. Acı da olsa, reallıqdır.

Ədalətsizlik: yalançının cavabı verilməyəndə

Bu oyun nə vaxta qədər davam edəcək? Məsələ ondan ibarətdir ki, Ermənistan rəhbərliyi hər dəfə yalan, böhtan və şər danışır, ona cavab verilmədikcə daha çox yalana əl atır. Bilir ki, nə desə, havadarları qəsdən dillənməyəcək, bir qisim dövlət işə qarışmaq istəməyəcək, bəziləri isə qorxudan səsini çıxarmayacaq. Lakin bu cür münasibət bütün dünyada yalan və böhtanın ayaq açmasına, ədalətsizliyin geniş yayılmasına aparıb çıxarır ki, bu da bəşəriyyət üçün ciddi təhlükədir.