Emil Qədirov: "Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil etmək istəyirəm" - MÜSAHİBƏ


Digərləri 10 Okt 2017 14:43:24 216 0

Emil Qədirov: "Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil etmək istəyirəm" - MÜSAHİBƏ

"Vətəndə konsert verməyi planlaşdırıram, bu, çox güman ki, fevralda Bakı Muğam Mərkəzində baş tutacaq"

Rusiyanın "Səs" layihəsinin keçmiş iştirakçısı, Azərbaycan müğənnisi və musiqiçisi Emil Qədirovun "Report"un Rusiya bürosuna müsahibəsi:

- "Səs" layihəsi bir anda sizi həm Rusiyada, həm də Azərbaycanda məşhur şəxs etdi. Ümumiyyətlə, bu layihə şəxsən sizə nə verdi?

- Başa düşmək lazımdır ki, bu layihədə iştirak etmək universitetə daxil olmağa bənzəyir. Daxil oldun, təhsilini bitirdin, çox yaxşı, ancaq institut sənə yaxşı iş təminatı vermir. Bu layihəni fərdi "start-up" kimi qəbul etmək lazımdır. Sonradan hər şey sənin özündən asılı olur. İşləmək istəyimi görəndən sonra Aleksandr Qradski məni "Qradski holl" musiqi teatrına dəvət etdi. Bu teatr gənc olsa da, repertuarı olmasa da, o, yaxşı başlanğıcdır, azarkeşlər qazanmaq üçün sənə çıxış meydan, səhnə verir.

- Bəs indi yeni "Səs" müsabiqəsində səhnəyə çıxıb, proqram çəkilişlərinə qatılarsınızmı?

- Bugünlərdə elə "Səs"in yeni layihəsinin çəkilişində idim, yenə çox istedadlı insanlar toplaşıb. Onlar arasında Azərbaycandan olanlar da var. Həmçinin tanınmış prodüser Lina Arifulinanın dəvəti ilə "Mir" telekanalında "Tam səslə" uşaq layihəsinə qatıldım. Layihədə MDB-nin 8 ölkəsindən istedadlı uşaqlar, buna uyğun eyni sayda məqşçi iştirak edib. Mən bu layihədə Azərbaycandan mentor idim. Layihənin şərtlərinə görə, uşaqlar müxtəlif mahnılar ifa ediblər, özü də çəkilişlərdə bu mahnıların müəllifləri də iştirak ediblər. Veriliş çərçivəsində Dmitri Malikov, Bayqali Serkebayev və Oleq Qazmanov axşamları keçirildi.

- Müsiqi əməkdaşlığı nümunəsində Rusiya-Azərbaycan mədəni əlaqələrini necə qiymətləndirirsiniz?

- Rusiya-Azərbaycan mədəni əlaqələri heç vaxt bitməyib. Çox sayda azərbaycanlı müğənni oxumaq üçün Rusiyaya gəlib və indi də gəlir, rusiyalı müğənnilər isə öz növbəsində, Bakıya qastrol səfərlərinə gedirlər. İndi Azərbaycanı burada təmsil etdiyimə görə çox qürur duyuram. Pyotr Çaykovski adına konsert zalında Rus Xalq Orkestrinin müşayiəti ilə Üzeyir Hacıbəyovun "Sənsiz" əsərini ifa etmək, inanın, çox dəyərlidir. Bunun əksi olan nümunə də var: dahi Sofiya Rotaru "Azərbaycan" mahnısını oxuyur. Bu, Azərbaycan və Rusiyanın bir-birinə mənəvi yaxınlığını göstərir.

- Azərbaycan diasporunun bu istiqamətdə fəaliyyətinin əhəmiyyəti nədən ibarətdir? Karyeranızın əvvəlində həmvətənləriniz sizə kömək ediblərmi?

- İlk vaxtlarda həmvətənlərim bir qədər tərəddüd etsə də, son zamanlar konserlərimə çoxlu sayda azərbaycanlı gəlir. Yəqin ki, həyatımda mənə özümdən çox inanan insanlarla qarşılaşdığıma görə bəxtim gətirib. Yaradıcıq yolumun əvvəlində mənə dəstək olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanıma minnətdaram. Onun dəstəyi sayəsində Musiqi Moskva Evi kimi nüfuzlu məkanda solo konsert verə bildim. Amma digər tərəfdən, Rusiyada təmsil olunan ictimai təşkilatlar Azərbaycan mədəniyyətinin təbliğinə kifayət qədər diqqət yetirmir. Yenə də müsbət cəhətlər var: Samirə Zeynalovanın rəhbərliyi altında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasını qeyd etmək istəyirəm.

- Bəs Avropaya qastrol səfərinə yollanmaq və ya vaxtilə Müslüm Maqomayev etdiyi kimi, "La Skal"da təhsil almaq istəyirsinizmi?

- Müslüm Maqomayev kimi dahi müğənni ilə müqayisə edilmək gözəldir. Amma düşünürəm ki, həyatımda hələlik "universitetlər" kifayət qədərdir. Əlbəttə, Avropada musiqiyə fərqli münasibət var, oranın öz ənənələri mövcuddur. İtaliyadakı məşhur San Remo festivalında olmaq istərdim. Həmçinin ölkəm Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil etmək istəyirəm. Hazırda Azərbaycanda bu işlə məşğul olan məsul şəxslərlə danışıqlar aparılır. Ümid edirəm ki, danışıqlar uğurla başa çatacaq və mən Azərbaycanı Portuqaliyada təşkil ediləcək "Eurovision-2018"də təmsil etmək imkanı əldə edəcəyəm.

- "Eurovision"dan əlavə, yaxın gələcək üçün başqa hansı planlarınız var?

- Hazırda İsrailə qastrola hazırlaşıram: orada təqribən 10 konsert planlaşdırılır. Tezliklə "Romantika və romanslar" proqramının illik çəkilişlərində iştirak edəcəyəm.

Oktyabrın 21-də "Crocus City Hall" konsert zalında Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş möhtəşəm konsert olacaq. Konsertdə Valentina Biryukova ilə duet şəklində "Bizi illər ayıra bilməz" mahnısını ifa edəcəyəm.

Ən çox isə 2018-ci il martın 2-də bu yaxınlarda açıan "Vegas City Hall"da verəcəyim solo konsertə hazırlaşıram. Üç saatlıq proqram təqdim edəcəyəm. Yeni mahnılar, həmçinin maraqlı duetlər olacaq. Hazırda həmkarlarla, konserti yayımlamağa hazır telekanallarla danışıqlar aparılır. Buna qədər isə vətənimdə konsert verməyi planlaşdırıram. Bu, çox güman ki, fevralda Bakı Muğam Mərkəzində baş tutacaq.