Zooloji Muzey sahibkarlıq fəaliyyətinə başladı


Digərləri 10 Okt 2017 14:24:43 323 0

Zooloji Muzey sahibkarlıq fəaliyyətinə başladı

Qanunvericiliklə müəyyən edilən sahibkarlıq fəaliyyətinə uyğun olaraq, ilk dəfə AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeyinin xidmətlərinin qiymətləri təsdiqlənib.

Bakı. İlhamə İsabalayeva - Qanunvericiliklə müəyyən edilən sahibkarlıq fəaliyyətinə uyğun olaraq, ilk dəfə AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeyinin xidmətlərinin qiymətləri təsdiqlənib. İnstitutdan Trend-ə verilən məlumata görə, qiymətlər uşaqlar və böyüklər üçün ayrı-ayrılıqda müəyyən olunub. Zooloji Muzeydə 257 növ onurğalı heyvan, o cümlədən 44 növ məməli, 116 növ quş, 36 növ sürünən, 13 növ suda-quruda yaşayan və 50 növ balıq eksponatları nümayiş olunur. Təbii heyvan müqəvvaları içərisində həm Azərbaycan faunasına, həm də dünya faunasına aid nümunələr vardır. Azərbaycanın “Qırmızı Kitabı”na salınmış Xəzər qızılbalığı, adi zərdəpər, adi triton, karelin tritonu, Qafqaz xaçlıcası, Qafqaz quru qurbağası, Aralıqdənizi tısbağası, Pallas təlxəsi, çəhrayı qutan, qıvrımlələk qutan, adi ərsindimdik, qara leylək, adi flaminqo, qırmızıdöş kazarka, ağdöş qaz, ağgöz qaraördək, qara çalağan, tetraçalan, cırtdan qartalça, böyük qartal, leşyeyən, ağbaş kərkəs, adi qızılquş, qaragöz qızılquş, Qafqaz tetrası, adi turac, Qafqaz qırqovulu, boz çilkəklik, boz durna, telli durna, adi çivdimdik, sultantoyuğu, adi bəzgək, adi bizdimdik, Hindistan tirəndazı, qonur ayı, adi safsar, Xəzər suitisi, Avropa cüyürü, nəcib maral, ceyran kimi nadir növlərin eksponatları vasitəsilə əyani şəkildə faunamızın növ müxtəlifliyi haqqında ətraflı təsəvvür yaradır.