Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb FOTO


Digərləri 10 Okt 2017 14:13:00 444 0

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri  şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb  FOTO

Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi bu gün II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Bakı Dövlət Universitetinin (BDU) ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev Aida İmanquliyevanın Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri olduğunu qeyd edib.

V.Məmmədəliyev deyib ki, Aida İmanquliyeva fundamental tədqiqatları ilə yalnız Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirib və inkişaf etdirib.

Alim əlavə edib ki, Aida İmanquliyeva qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin elmi irs qoyub.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 10 oktyabrın İnstitutun kollektivi üçün çox önəmli gün olduğunu xatırladıb: "Artıq 26 ildir ki, biz Aida xanımın doğum gününü onsuz qeyd edirik. Aida xanımın vaxtsız həyatdan getməsi bizim hər birimiz, bütün kollektivimiz, eyni zamanda onun həmkarları üçün həqiqətən də çox böyük itki oldu. Aida xanımın həyatdan getməsi ilə bizim institutda yaranmış boşluq hələ də dolmur. Biz hamımız o boşluğu hiss edirik. Hamımızın həyatı - onunla işləyənlər bunu çox gözəl bilirlər - Aida xanımın adı, varlığı ilə sıx bağlı idı. Məsələn, mən o vaxt nə yazırdımsa, düşünürdüm ki, Aida xanım bunu oxuyub, nə deyəcək? Mən onun xeyir-duası ilə elmə qədəm qoydum və elmi işlərimi davam etdirdim. Həmişə danışanda deyirəm ki, mənim Ələsgər müəllim, Ziya Bünyadov, Aida xanım kimi gözəl müəllimlərim olub. Biz həqiqətən də xoşbəxtik ki, o cür insanlarla ünsiyyətdə olmuşuq, onların rəhbərliyi altında çalışmışıq, onlardan çox şey öyrənmişik".

G.Baxşəliyeva bildirib ki, Aida İmanquliyevanın yazdığı əsərlər bu gün şərqşünaslıq elmində xüsusi yer tutub, o əsərlər ərəb ədəbiyyatşünaslığında böyük rol oynayır: "Aida İmanquliyeva çox böyük ruhla məhcər - ərəb ədəbiyyatını araşdırırdı. Bu araşdırmanı aparmaq çətin idi. Onu etmək üçün bir necə dil bilmək lazım idi. Adətən, ərəbşünaslar elə tədqiqat mövzuları götürürlər ki, onlara ərəb dili lazım olur. Amma Aida xanımın tədqiqatlarını aparmaq üçün ərəb dili ilə yanaşı, Qərb dillərini də bilmək lazım idi. Aida xanım bu işlərin öhdəsindən çox uğurla gəldi".

G.Baxşəliyeva qeyd edib ki, Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini beynəlxalq miqyasda çox ləyaqətlə təmsil edirdi: "Mən rusiyalı alimlərin onun haqqında necə yüksək fikirdə olmasının şahidi olmuşam. Çox heyf ki, Aida xanım dünyasını çox tez dəyişdi. O, bununla onu tanıyanların qəlbinə sağalmaz bir yara vurdu. Biz onun yoxluğunun ağrı-acısını bu günə qədər hiss edirik. Həmin dövr onun həyatının, yaradıçılığının çiçəklənən dövrü idi. Çox təəssüf ki, ömür vəfa etmədi, o, dünyasını dəyişdi. Amma təsəllimiz odur ki, onun yaratdığı ərəb ədəbiyyatşünaslığı məktəbi bu gün yaşayır və bu sahədə yeni-yeni əsərlər yaranır".

Alim qeyd edib ki, bu gün Aida İmanquliyevanın yaradıcılığı tədqiqat obyektinə çevrilib. Onun haqqında olan, eyni zamanda, alimin öz əsərləri bu gün bir çox dillərə tərcümə olunaraq işıq üzü görüb.


Xəbərə aid fotolar