Deputat: Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri düzgün müəyyən edilib


Digərləri 10 Okt 2017 14:17:00 345 0

Deputat: Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri düzgün müəyyən edilib

Ötən 8 ayın iqtisadi inkişaf göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri düzgün müəyyən edilib.

Bakı. Elçin Mehdiyev – Ötən 8 ayın iqtisadi inkişaf göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri düzgün müəyyən edilib. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi inkişafla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. A.Hüseynov bildirib ki, dünyada neftin qiyməti aşağı düşəndə belə fikir səslənirdi ki, Azərbaycan iqtisadiyyatının böhran dövrü başlayacaq, valyuta ehtiyatları xərcələnəcək və bununla da iqtisadiyyat iflas olacaq: “Ancaq bunun tamamilə əksini gördük, çünki cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkənin strateji yol xəritəsi müəyyənləşdirildi, ölkədə vacib islahatlar aparıldı, maliyyə və bank sistemində sağlamlaşdırma prosesləri həyata keçirildi. Ən başlıcası, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixracyönlü, rəqabətqabiliyyətli məhsulların istehsal olunması, sahibkarlığın, turizmin, kənd təsərrüfatının və qeyri-neft sektorunun digər sahələrinin inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atıldı. İqtisadiyyatın saxələndirilməsi ilə bağlı çox önəmli işlər görüldü. Artıq biz görürük ki, Azərbaycan iqtisadiyyatı özünün inkişaf mərhələsini yaşayır. Təsadüfi deyil ki, ölkənin strateji valyuta ehtiyatları bu ilin 8 ayı ərzində 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb”. Deputat əlavə edib ki, bütün bunlar göstərir ki, ölkə iqtisadiyyatının inkişaf istiqamətləri düzgün formalaşıb və bu bizim iqtisadi nüfuzumuzu və qüdrətimizi daha da artıracaq.