Baş anestezioloq: "Çox vaxt fəsadlar cərrahların kaprizləri nəticəsində yaranır" FOTO


Digərləri 10 Okt 2017 14:00:00 350 0

Baş anestezioloq: "Çox vaxt fəsadlar cərrahların kaprizləri nəticəsində yaranır"  FOTO

Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimotoloqu, Sertifikasiya Şurasının İxtisas Komissiyasının sədri Aydın Qədirov APA-ya müsahibə verib.

Son.az müsahibəni təqdim edir:

- Azərbaycanda anesteziologiya-reanimatologiya sahəsində mövcud vəziyyət necədir?   - Anesteziologiya və reanimatologiya tibdə sonradan yaranan kompleks bir sahədir. Hələ orta əsrlərdən, qədim dövrlərdən cərrahi müdaxilənin aparılması, onun metodikası işlənib hazırlanıb. Lakin xəstələrin əməliyyatdan uğurla çıxması çox az faizlə əhatə olunurdu. Əməliyyat vaxtı xəstələrin ağrısızlaşdırılma metodları olmadığından, bəzən bu iş primitiv şəkildə icra olunduğuna görə insanlar əməliyyat vaxtı şokdan ölürdü. Həmin dövrdə əməliyyatlar planlı sürətdə yox, xəstələrin ağır vəziyyətdə, travma ilə xəstəxanaya gəlməsi nəticəsində təcili icra olunurdu. Ona görə insanların çoxu əməliyyat stolunda və yaxud sonradan şokdan ayılmadığı üçün ölürdü. İkincisi səbəb qanaxma məsələsi idi. Əməliyyatda qanaxmaya qarşı mübarizə tədbirləri aparılmırdı. Bu  zaman qanın rezus faktorları, qrupları bilinmirdi, itirilmiş qanı əvəz etmək mümkün olmadığı üçün xəstələr qanaxmadan ölürdü.   Üçüncü məsələ isə infeksiyalarla bağlı olurdu . Əvvəlki dövrlərdə mikroblar, onların hansılarının irin törətməsi haqqında məlumat yox idi. Xəstələrin əksəriyyəti irinli-iltihablı proseslərdən ölürdü.   1848-ci il oktyabrın 16-da efir narkozunun tətbiq edilməsi ilə anesteziologiyanın əsası qoyulub və bu tarixi gün həmin dövrdən qeyd olunur. XX əsrin ortalarına qədər anesteziologiya-reanimatologiya sahəsi üzrə həkimlər yox idi. Həmin dövrə qədər həkimlər əməliyyatlarda müxtəlif vasitələrdən primitiv şəkildə istifadə ediblər. Artıq XX əsrdə farmakologiya, biokimyanın, texnologiyaların inkişafı nəticəsində anesteziologiya-reanimatologiya sahələri genişlənib və ayrıca ixtisas kimi formalaşıb.   Anesteziologiya-reanimatologiya təbabətin bütün sahələrində tətbiq edilir. Bu gün səhiyyənin elə bir sahəsi yoxdur ki, orada anestezioloq-reanimatoloqa ehtiyac olmasın. Hər bir xəstəxanada anestezioloq-reanimatoloq mütəxəssisləri var və şöbələr yaradılıb.   Bu gün cərrahiyyə əməliyyatları anesteziologiyanın yaratdığı imkandan kənara çıxa bilməz. Əməliyyatları anestezioloqlarsız icra etmək mümkün deyil. Çünki bütün əməliyyatların aparılması üçün anesteziologiya metodları tətbiq olunur. Anesteziologiya çox dar sahələrdə inkişafa başlayıb və müxtəlif sahələşmələr var.   - Bu mövcud sahənin əsas prinsipləri nədir, burada mövcud problemlər və qarşıda həlli gözlənilən işlər nədən ibarətdir?   - XX əsrin əvvəllərinə qədər anesteziologiya sahəsində belə bir prinsip vardı ki, xəstə əməliyyat travması şokuna düşməsin. İndi isə yanaşma belədir: əməliyyat zamanı xəstənin 6 hissiyyatının - ağrı, görmə, eşitmə, taktil, lamisə və qoxu hislərinin heç biri  iştirak etməməlidir. Çünki xəstələrin çoxu, əksəriyyəti əməliyyatdan yox, əməliyyat ağrısı və narkozdan qorxurlar. Ona  görə də müasir dövrdə anesteziologiya-reanimatologiya sahəsi əməliyyat vaxtı olan ağrını, hətta insanda olan bütün hissiyyatları ləğv etməklə məşğuldur. Bundan əlavə, anesteziologiya-reanimatologiya sadəcə, əməliyyat vaxtı xəstəni ağrısızlaşdırma ilə yox, pozulmuş funksiyaların bərpası ilə məşğuldur.   Bu gün ölkədə mürəkkəb əməliyyatların aparılması və bu sahənin gündən-günə genişlənməsi müasir texnologiyaların tətbiqindən, həkimlərin səviyyəsindən asılıdır. Əgər haradasa ağır və mürəkkəb əməliyyatlar uğurla icra olunursa, onun arxasında anestezioloq-reanimatoloqun əməyi durur. Əgər bu sahə yerində olmasa heç bir əməliyyat uğurla keçə bilməz.   Cəmiyyətdə və internetdə olan məlumatlara görə, əməliyyat zamanı ancaq cərrahların, ginekoloqların, terapevtlərin və digər həkimlərin işləri əsas götürülür. Əslində mövcud qaydaya əsasən, bütün əməliyyatlar anesteziologiyanın verdiyi imkan çərçivəsində ə aparılmalıdır. Artıq konkret patologiyalarla əlaqədar anesteziologiya-reanimatologiya inkişaf edib. Əvvəllər yalnız bir dərmanla narkoz verilirdi. İndi isə baş beynin bütün şöbələri anestezioloqlar tərəfindən öyrənilir və hansı dərmanın hansı nahiyədə istifadə olunması müəyyənləşir. İstənilən hüceyrəyə, toxumaya təsir edən konkret dərmanlar müəyyənləşib.   Ən kiçik müəssisədə belə anestezioloq-reanimatoloqlar olmalıdır, əks halda həmin müəssisənin fəaliyyəti dayandırılmalıdır   Anestezioloq-reanimatoloqların vəzifəsi həyatı vacib orqanların funksiyasını öyrənmək, imkanlarını qiymətləndirmək, müvafiq tədbirlər görməkdən ibarətdir. Reanimatologiya isə adından göründüyü kimi təzədən canlandırma anlamını verir. Biz artıq hər bir xəstəlikdən əmələ gələ bilən fəsadın, kritik həddin qarşısını alırıq. İndiki dövrdə bütün xəstəxanalarda anesteziologiya-reanimatologiya şöbələri yaradılıb. Hətta kiçik müəssisələrdə stasionar xidmət varsa, anestezioloq-reanimatoloqlar mütləq olmalıdır. Əks halda həmin müəssisə fəaliyyətini dayandırmalıdır.   Bu sahədə mövcud olan problemlərdən biri də elə kadrların hazırlığı məsələsidir. İndiki dövrdə hər bir həkimin istər Bakıda, istərsə də rayonlarda fəaliyyət göstərməsi, ixtisasını artırması üçün hər bir imkan yaradılıb. Həkimlərin tibbi biliklərini artırması üçün internetə hazır referatlar qoyulur. Kadr hazırlığında yüksək nailiyyətlər, inkişaf var. Sadəcə olaraq, bu sahədə maraq və tələbat da olmalıdır.   Əgər hər bir tibb müəssisəsinin strukturunda anesteziologiya-reanimatologiya sahəsi varsa, xəstələr geniş formatda qəbul olunursa, orada maddi-texniki baza yetərində  olmalı, təhlükəsizlik tədbirləri təşkil olunmalıdır. Əgər bunlar yoxdursa, həkimlərin potensialı yüksək olsa da, həmin müəssisələrin fəaliyyəti dayandırılır. Çünki anesteziologiyada, narkozun verilməsində təhlükəsizlik tədbirləri düzgün qurulmalıdır.   - Bu gün ölkədə bu sahə üzrə nə qədər mütəxəssis var və onların səviyyəsi, iş prinsipləri sizi qane edirmi?   - Hazırda ölkədə 1200-ə yaxın anestezioloq-reanimatoloq var. Bundan başqa, bu gün hazırlıq mərhələsində olan rezidentlər təhsil alırlar. Lakin ölkədə rəsmi sürətdə qeydiyyata alınmayan anestezioloq-reanimatoloq həkimlər də fəaliyyət göstərir. Onlar düzgün şəkildə sənədləşmə aparmayıblar. Həkim fəaliyyəti ilə məşğul olmaq üçün müqavilə bağlanmalı və hər bir mütəxəssisin öz ixtisası çərçivəsində sənədi olmalıdır.   Təbii ki, bəzi rayonlarda mütəxəssis çatışmazlığı da müşahidə edilir. Bu gün təbabətdə müasir yanaşma ilə əlaqədar olaraq çox yerdə - əsasən rayonlarda anesteziologiya-reanimatologiya üzrə vakant yerlər var. Onları zamanla doldurmağa çalışırıq. Kadrların səviyyəsinə gəlincə, SSRİ dövründə  yerli həkimlərin xarici mütəxəssislərin səviyyəsi ilə tanış olmaq imkanı yox idi. İndiki dövrdə isə istənilən kəs istənilən ölkəyə gedib əlavə məlumatlar ala bilər.   Böyük şəhərlərdə aparılan istənilən cərrahiyyə əməliyyatlarında anestezioloq-reanimatoloqlar iştirak edir. İnsan psixologiya belədir, bəzən 100 yaxşını yox, 1 pisi görürlər. Əgər ölkədə əməliyyatlar uğurla icra edilirsə, bu daha çox anestezioloq-reanimatoloqlarlardan asılıdır. Ən ağır xəstələr əməliyyat olunduqdan sonra müəyyən müddət reanimasiyada yatır. Reanimasiyanın isə öz prinsipləri var


Xəbərə aid fotolar