Seçmə mərhələnin son görüşləri keçiriləcək


İdman 10 Okt 2017 13:47:00 367 0

Seçmə mərhələnin son görüşləri keçiriləcək

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının A, B və H qruplarında sonuncu oyunlar keçirilir.

 

A qrupunda Fransa millisi Belarusu qəbul edəcək. “Xoruzlar” bu oyundan 3 xalla ayrılacağı təqdirdə, DÇ-2018-ə vəsiqəni təmin edəcək. Pley-offa vəsiqə uğrunda isə İsveç və Hollandiya üz-üzə gələcək. “Narıncılar” yalnız möcüzə sayəsində mundiala vəsiqə şansını qoruyub saxlayacaq. Belə ki, Dik Advokatın yetirmələri pley-offa vəsiqə qazanmaq üçün skandinaviyalıları ən azı 7 top fərqi ilə məğlub etməlidi.

 

B qrupunda əsas diqqət Portuqaliya - İsveçrə matçına yönələcək. Bu oyunda qalib gələn tərəf mundiala vəsiqəni təmin edəcək. Heç-heçə isveçrəlilərin işinə yarayacaq. Məğlub olan tərəf isə dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off mərhələsində gücünü sınayacaq.

 

H qrupunda hər şeyə böyük ölçüdə aydınlıq gəlib. Belçika artıq mundiala vəsiqəni təmin edib. Pley-offa yollanacaq komandanın adına isə son turda aydınlıq gələcək. Yunanıstan millisi evdə Cəbəllütariqi məğlub edəcəyi təqdirdə, seçmə qrup mərhələni 2-ci pillədə başa vuracaq. Bosniya və Herseqovina da bu yerə iddiasını davam etdirir. Lakin balkanlılar yalnız möcüzə sayəsində bu istəyinə çata bilər. Belə ki, Edin Dzeko və yoldaşları pley-offa vəsiqə qazanmaq üçün səfərdə Estoniyanı məğlub etməklə yanaşı, Yunanıstanın evdə aşkar autsayder Cəbəllütariqlə matçda büdrəməsini arzulamalıdı.

 

DÇ-2018-in seçmə mərhələsi

10 oktyabr

A qrupu

22:45 Fransa - Belarus 

22:45 Hollandiya - İsveç

22:45 Lüksemburq - Bolqarıstan

 

B qrupu

22:45 Macarıstan - Farer adaları 

22:45 Latviya - Andorra 

22:45 Portuqaliya - İsveçrə

 

H qrupu

22:45 Belçika - Kipr 

22:45 Estoniya - Bosniya və Herseqovina

22:45 Yunanıstan - Cəbəllütariq