Baş nazir: Pakistan Azərbaycanı hər zaman qətiyyətlə dəstəkləyir


Digərləri 10 Okt 2017 13:44:00 427 0

Baş nazir: Pakistan Azərbaycanı hər zaman qətiyyətlə dəstəkləyir

Pakistan Azərbaycanı hər zaman qətiyyətlə dəstəkləyir.

Bakı. Pakistan Azərbaycanı hər zaman qətiyyətlə dəstəkləyir. Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Pakistanın Baş naziri Şahid Xakan Abbasi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşdə deyib. Səfir Ə.Əlizadə Pakistanın Baş naziri seçilməsi münasibətilə Ş.X.Abbasiyə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayan səfir iki ölkə arasında qardaşlıq əlaqələrinin inkişafında və möhkəmlənməsində hər iki ölkə rəhbərlərinin xüsusi rolunun olduğunu bildirib. Ə.Əlizadə Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana göstərdiyi dəstəyin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Səfir həyata keçirilən yüksək səviyyəli səfərlər, imzalanan sənədlər, viza rejiminin sadələşdirilməsi sahəsində görülən işlər, ticarət-iqtisadi, müdafiə sənayesi, enerji və digər sahələrdə Pakistanla həyata keçirilən son layihələr haqqında məlumat verib. Ş.X.Abbasi də öz növbəsində onun salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. İki ölkə arasındakı münasibətlərin son illərdə yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana bu il baş tutmuş səfərindən sonra əlaqələrin daha da canlandığını qeyd edib. Baş nazir iki ölkə arasındakı ticarət dövriyyəsinin mövcud potensiala uyğun olmadığını və bu istiqamətdə işlərin aparıldığını da vurğulayıb. Baş nazir Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində prinsipial mövqeyinin dəyişməz olduğunu, Pakistanın Azərbaycanı hər zaman qətiyyətlə dəstəklədiyini vurğulayıb və Kəşmir məsələsində verdiyi dəstəyə görə, Azərbaycan tərəfinə təşəkkür edib.