İran və İraq qlobal neft bazarında Səudiyyə Ərəbistanının payını almağa çalışır


İqtisadiyyat 10 Okt 2017 13:12:13 328 0

İran və İraq qlobal neft bazarında Səudiyyə Ərəbistanının payını almağa çalışır

İraq ABŞ-a Səudiyyə Ərəbistanından daha çox neft ixrac edir

İran və İraq Səudiyyə Ərəbistanının neft bazarını sabitləşdirmək məqsədi ilə neft ixracını azaltmasından istifadə edərək öz ixraclarını artırıb. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, adıçəkilən iki ölkə Səudiyyə Ərəbistanının Çin və ABŞ-da azalan bazar payını ələ alıb.

İraqın neft ixracı sentyabr ayında 3,98 mln. barel/günə yüksələrək son 10 ayın maksimum həddinə çatıb. İranın ixracı isə 2,28 mln. barel/günə - 7 aylıq maksimuma yüksəlib. Səudiyyə Ərəbistanının ixracı isə 7,7 mln. barel/gün ilə müqayisədə 6,68 mln. barel/gün təşkil edib.

İyul ayında Səudiyyə Ərəbistanının ABŞ-a neft ixracı son 34 ilin mimimum səviyyəsinə geriləyib. Əvəzində, İraq ABŞ-a neft ixracını sentyabrda 871 min barel/günə çatdıraraq Səudiyyə Ərəbistanının bu ölkəyə ixrac həcmini ötüb. Avqustda isə onların ABŞ-a ixracı Səudiyyə Ərəbitanından 2 dəfə çox olub. İraqın Hindistana neft ixracı isə 2017-ci ildə orta hesabla 794 min barel/gün təşkil edib. Belə ki, Səudiyyə Ərəbistanında analoji göstərici 738 min barel/gündür.

İran isə Çin bazarında Səudiyyə Ərəbistanını sıxışdırmağa davam edib. Sentyabrda Səudiyyə Ərəbistanı Çinə 833 min barel/gün, İran isə 600 min barel/gün neft ixrac edib və sanksiyalardan sonra ixracı 2 dəfə artırıb.

Qeyd edək ki, neft bazarının sabitliyinin təmin olunması üçün Səudiyyə Ərəbistanı noyabr ayından etibarən ixrac həcmini 560 min barel azaldaraq 7,15 mln. barel/günə salmaq qərarı verib.