Tanınmış aktyorla direktor üzüzə: "Mənə şərböhtan atıb işdən çıxardı" Böyük QALMAQAL FOTO


Kriminal 10 Okt 2017 13:12:00 496 0

Tanınmış aktyorla direktor üzüzə: "Mənə şərböhtan atıb işdən çıxardı"  Böyük QALMAQAL  FOTO

"Teatrı dərnək səviyyəsinə endirib"

Aktyor Əjdər Zeynalovun Son.az-a müsahibəsi.

- Əjdər müəllim, bu günlərdə çalışdığınız İrəvan Teatrından işdən çıxarıldığınızı eşitdim. İşdən çıxmağınıza nə səbəb oldu?

- Əslində İrəvan Teatrında narazılıqlar uzun illərdir ki, var. Sadəcə heç kim biruzə vermirdi. Hamı hər şeyin nə vaxtsa yaxşı olacağına ümüd edirdi. Fikirləşirdik ki, biz də başqa teatrların aktyorları kimi yaxşı tamaşalar, rollar oynayarıq. Mən azdan-çoxdan tanınıram, amma teatrımızda elə aktyorlar var ki, içləri yaradıcılıq eşqi ilə yanır. Nə etsinlər ki, onlara şərait yaradılmır. Səlahiyyət təkcə teatrın direktoru İftixar Piriyevin əlindədir. O da ürəyi necə istəyir, elə də edir. Heç kim istəməzdi ki, teatrda problem yaransın. Bizim kollektiv kimi mehriban kollektiv yox idi. Amma rəhbərlik teatrda elə bir şərait yaradıb ki, biz aktyor yoldaşlarımız ilə də üz-üzə qalırdıq. Mən teatra dünən gəlməmişəm. Bu teatr bərpa olunan gündən, yəni 1989-cu ildən mən burada çalışıram. Bu gün teatrımızdakı mövcud problemlərlə bağlı dözməyib ölkə KİV-lərində tənqidi fikirlərimi və müsahibələr vermişəm. Teatrın direktoru İftixar Piriyevlə aramızdakı problemlər də elə oradan başladı.

- Teatr bərpa olunandan orada çalışırsınız. O vaxtdan bu günə qədər teatrda çox dəyişiklik olub?

- Təbii ki, çox fərq var. O vaxt teatr bərpa olunanda əməkdar artist Vidadi Əliyevi teatra rəhbər qoydular. Demək olar ki, o 12 il teatra direktorluq etdi. Bizim o vaxt teatrımızın binası yox idi. Amma buna baxmayaraq, məşqlər gedirdi, tamaşalarımız oynanılırdı. Ən azından bir-birimizə qarşı mehribançılıq, insani münasibətimiz var idi.

- İftixar Piriyev teatra gələn kimi münasibətiniz pisləşdi, yoxsa bir müddət sonra?

- Hər bir direktor ilk gəlişində özünü mələk kimi göstərir. Həmçinin də o. Bütün problemlər damla-damla yığıldı, sonra hər şey birdən partladı. Çoxları məni qınayır ki, sən niyə rəhbərliyə qarşı çıxdın? Axır-əvvəl kimsə bu nöqsanları bildirməli idi. Yenə də deyirəm, mən teatrda olan çatışmazlıqları bildirib tənqid etmişəm və heç kimi təhqir etməmişəm. Mən sadəcə teatrda görmək istədiklərimi bir aktyor kimi bildirmişəm. Kollektiv cavandır, çoxu qorxub söz deyə bilmir. Nə qədər kimlərinsə qabağında cılız şeirlər demək olar? Müdiriyyət teatrı faktiki olaraq, dərnək səviyyəsinə endirib. Axı biz dərnəkdə çalışmırıq. 135 il tarixi olan və Azərbaycan teatrının ən qocaman sənət məbədlərindən biridir İrəvan Teatrı. Tənqidi normal qəbul etmək lazımdır. İftixar Piriyev bu sahədə uğur qazanmayıb və qazanmayacaq da.

- İstənilən teatrda tarix boyu müxtəlif formalarda intriqalar olub. Bəs sizin direktor İftixar Piriyevlə qarşıdurmalara getməyinizin səbəbi nədir?

- Unutmaq olmaz ki, teatr kollektiv sənətdir. Yəni hər bir iş kollegial şəkildə öz həllini tapır. Hər bir aktyorun ən böyük arzusu yaxşı tamaşalar və rollar oynamaqdır. İftixar Piriyev bədii üslub və janr baxımından estetik dəyərini çoxdan itirmiş formada əsərlər yazaraq "dramaturq" olmaq eşqinə düşmüşdü. Elə ona görə də bəsit əsərlərin həm dramaturqu, həm rejissoru, həm xoreqrafı və həm də yeri düşəndə aktyoru kimi bu qocaman teatrın professionalıqdan uzaq, yəni "dram dərnəyi" səviyyəsinə endirilməsi kimi problemləri yaradıb. Bu da öz növbəsində biz peşəkar aktyorlarda haqlı olaraq narazılıqlar yaradırdı. Direktor isə öz səlahiyyətlərindən istifadə edib, bizi hər zaman susdurmağa çalışıb və təəssüflər olsun ki, çox zaman öz istəyinə də nail olub.

- Etirazınızı bildirəndən neçə gün sonra işdən azad olundunuz?

- Etirazımı mən hələ məzuniyyətə çıxmamışdan əvvəl bildirmişdim. Əvvəl-axır bunun sonu olmalı idi. Adama sual verərlər ki, 17 ildir sən neyləmisən? Teatrı nə günə qoymusan? Tamaşaya qoyduğu əsərlərin heç biri uğur qazanmayıb. Teatra gələn rejissorların heç birinə imkan verməyib ki, öz istədikləri əsərləri yüksək səviyyədə tamaşaya hazırlasınlar. Özü diqtə edib ki, hansı əsərləri tamaşaya qoymaq lazımdır.

- Deyilənə görə İftixar Piriyev "ailə teatrı" monopoliyası yaradıb. Bu məsələ nə dərəcədə doğrudur?

- Bu belə deyil. Yanlış fikirdir. Bir də mən heç zaman kimsənin ailə işlərinə qarışmağı sevmirəm. Bu, kişi söhbəti deyil. Mənim əxlaqım buna yol vermir. İş məsələmə gəldikdə isə, yenə deyirəm, məni konkret yaradıcılıq məsələləri maraqlandırır. 30 ildir bir yaradıcı insan kimi məhz bununla nəfəs alıram.

- Direktorun sizdən konkret istəyi nədir ki?