AZAL Bakıdan Banqkok və Ciddə istiqamətlərində yeni aksiya elan edir


Digərləri 10 Okt 2017 13:08:00 385 0

AZAL Bakıdan Banqkok və Ciddə istiqamətlərində yeni aksiya elan edir

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan yeni istiqamətlərə - Banqkok və Ciddəyə uçuşlara yeni aksiya barədə elan edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, oktyabrın 10-dan 29-a kimi aviabilet aldıqda Bakı-Banqkok-Bakı reyslərinə aviabiletin qiyməti 599 avro, Bakı-Ciddə-Bakı reyslərinə isə 399 avro təşkil edəcək.

Qiymətə bütün rüsum və yığımlar daxildir.

Aksiya çərçivəsində uçuş tarixləri: 2017-ci il oktyabrın 29-dan 2018-ci il martın 1-ə kimi. Sözügedən reyslər komfortlu Boeing-767 (Bakı-Banqkok) və Airbus A320 (Bakı-Ciddə) laynerləri ilə yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Qış ayları Banqkoku ziyarət etmək üçün ən əlverişli vaxt hesab edilir. Tayland paytaxtına turistik görməli yerləri ziyarət etmək, canlı gecə həyatı və hər zövqə uyğun əyləncə üçün üçün getməyə dəyər. Tayland mətbəxi bir çox turistin Banqkok səfəri üçün daha bir səbəbidir. Ekzotik, qeyri-adi və sərfəli Tayland yeməkləri ən tələbkar qurmanı belə razı sala bilər.

Qış fəsli həmçinin Səudiyyə Ərəbistanı da səyahət etmək üçün çox uğurlu vaxtdır. Ölkənin qərbində yerləşən Ciddə şəhəri həcc ziyarətinin mərkəzi kimi məşhurdur. Burada XX əsrin sonlarında yaradılmış müasir heykəltəraşlıq abidələri geniş şəkildə təqdim olunur. Şəhər və ətrafında çoxsaylı qum çimərlikləri mövcuddur. Yaxın mərcan riflərində dayvinq burada çox məşhurdur.