Kiberhücumlar elektrik təchizatında fasilələr yaradacaq


Digərləri 10 Okt 2017 08:31:00 330 0

Kiberhücumlar elektrik təchizatında fasilələr yaradacaq

"Accenture" beynəlxalq konsaltinq şirkəti sorğu keçirərək elektroenergetika sektorunda fəaliyyət göstərən müəssisələrin növbəti bir neçə ildə elektrostansiyaların işinə təsir göstərəcək kiberhücumlardan ehtiyat etmələrini müəyyənləşdirib.

Son.az ICTnews-a istinadən bildirir ki, sorğuda Avropa, Şimali Amerika, Asiya-Sakit okean regionunun iyirmi ölkəsindən elektroenergetika şirkətlərinin yüzdən çox rəhbəri iştirak edib. Respondentlərin üçdə bir hissəsi artıq növbəti beş il ərzində hakerlərin elektrik enerjisi təchizatında fasilələrin yaranmasına səbəb olacağına əminliyini ifadə edib. Rəyi soruşulanların 57 faizi elektrik təchizatının işinə kənar şəxslərin müdaxiləsindən ehtiyat etdiyi halda 53 faizi əməkdaş və müştərilərin təhlükəsizliyinə görə həyəcan keçirir.

Məlumata görə, respondentlərin təxminən yarısını əməkdaş və müştərilərin məxfi informasiyasının, korporativ məlumatların və əqli mülkiyyətin mümkün oğurlanması narahat edir. Əsas təhlükələr sırasında, həmçinin fırıldaqçı proqramların hücumları və fiziki aktivlərin məhvi sadalanır. Lakin başlıca təhlükə hökumətlərin sifarişi ilə həyata keçirilən kiberhücumlar olaraq qalır.

Bundan əlavə, elektroenergetika sektoru müəssisələrinin əksər rəhbərləri bu və ya digər şəkildə istifadəçi mənzillərində "Əşyalar interneti" (IoT) qurğularının quraşdırılması ilə bağlı risklərdən ehtiyat edir.