Dövlət proqramı çərçivəsində xaricdə 650 azərbaycanlı tələbə təhsil alır


Digərləri 10 Okt 2017 08:20:00 356 0

Dövlət proqramı çərçivəsində xaricdə 650 azərbaycanlı tələbə təhsil alır

Bu il “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbulundan 10 il keçir

"Bu il "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın qəbulundan 10 il keçir. Hazırda proqram üzrə 650 tələbə təhsilini davam etdirir".

Son.az "Report"a istinadən bildirir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib. "Sizin təşəbbüsünüz ilə yaradılmış və vətəndaşlarımıza xaricə getmədən aparıcı universitetlərin standartlarına uyğun keyfiyyətli təhsil almaq imkanı yaradan Azərbaycan-Fransız Universitetinin (UFAZ) sentyabrın 15-də bərpa işlərindən sonra tədris binasının açılışı olub. Bu təhsil ocağına əcnəbi vətəndaşların marağını xüsusilə qeyd etmək istərdim. Belə ki, burada artıq iki xarici tələbə öz vəsaiti hesabına təhsil alır", - deyə nazir əlavə edib. O qeyd edib ki, "Yerli ali təhsil müəssisələrinin akademik potensialının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın layihəsinə əvvəlki "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"ndan fərqli olaraq əcnəbi professor-müəllim heyətinin Azərbaycanın aparıcı universitetlərində tədrisə cəlb olunması, onların iştirakı ilə birgə elmi tədqiqatların aparılması kimi yeni məqsədlər əlavə olunub. "İqtisadiyyatın şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, işəgötürənlərin tələblərinə cavab verən peşəkar kadrların hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması istiqamətində müvafiq işlər aparılmaqdadır. Sizin 2016-cı il 20 aprel tarixli Fərmanınızla Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahədə mühüm addım olub. Maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində Bakı, Gəncə və Qəbələdə müasir peşə təhsil mərkəzləri inşa edilib, Mingəçevir və Quba şəhərlərində "ASAN həyat" komplekslərində fəaliyyət göstərəcək "ASAN peşə" təhsil mərkəzlərinin yaradılması işlərinə başlanılıb. Peşə təhsili müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması tədbirləri çərçivəsində 34 müəssisənin bazasında 14 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb", - deyə o bildirib. Mikayıl Cabbarovun sözlərinə görə, təhsil alanların keyfiyyətli tədris resursları ilə təminatı sahəsində BP şirkəti, UNDP, Avropa İttifaqı və Britaniya Şurasının dəstəyi, yerli və xarici ekspertlərin iştirakı ilə kənd təsərrüfatı və turizm ixtisasları üzrə yeni kurikulum, dərs vəsaitləri hazırlanıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. "Ötən ildən Təhsil Nazirliyinin "ASAN xidmət"lə birgə reallaşdırılan "ASAN peşə" layihəsi 2017-2018-ci tədris ilində ölkəni tam əhatə edib, ilk peşə-ixtisas təhsili müəssisələrinə elektron sənəd qəbulu yolu ilə 11 min 684 nəfər qəbul olunub. Qəbulda iştirak edənlərin keyfiyyət göstəriciləri üzrə cari ildə müsbət dəyişikliklər müşahidə olunub, sənəd verənlərin arasında attestat qiymətləri "4" və "5" olanların sayı ötən illə müqayisədə üç dəfə çox olub", - deyə təhsil naziri qeyd edib.