Internet Explorer geriləyir


Digərləri 10 Okt 2017 08:11:00 387 0

Internet Explorer geriləyir

İlk dəfə olaraq "Internet Explorer" brauzerinin bazar payı 15%-dən aşağı düşüb. Bu, "Microsoft" şirkətinin yeni "Edge" brauzerini tanıtması ilə izah edilir. Amma sonuncuya tələbat ürəkaçan səviyyədə deyil. "NetMarketShare" xidmətinin məlumatına əsasən, 2017-ci ilin sentyabrında kompüterlərin 14,18%-də "Internet Explorer" brauzerindən istifadə edilib.

Son.az ICTnews-a istinadən bildirir ki, "Chrome" ən populyar brauzer adını qoruyub saxlayır. Sözügedən brauzerin bazar payı 59,6%-ə bərabərdir. "Firefox" (12,85%) brauzeri ilk üçlükdə qərarlaşıb.

2016-cı ilin əvvəlində "Microsoft" şirkəti "Internet Explorer" brauzerinin 11-ci versiyası istisna olmaqla, digər versiyalarının dəstəyini dayandırdıqdan sonra adı çəkilən brauzerin bazar payı kəskin azalmağa başlayıb. Həmin vaxtdan etibarən "Internet Explorer 10" və daha aşağı  versiyalar üçün təhlükəsizlik yeniləmələri və texniki dəstək nəzərdə tutulmayıb.

Hazırda "Microsoft" şirkəti yeni "Edge" brauzerini irəli çəkir. Ancaq 2017-ci ilin sentyabrında bu brauzerin bazar payı 5,15%-dək azalıb. Şirkətdən bildirilib ki, "Edge" brauzeri 330 milyon qurğuda istifadə olunur ki, bu da 2016-cı ilin apreli ilə müqayisədə iki dəfə daha çoxdur.