Bakının 9 küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı ayrılacaq
İqtisadiyyat 10 Okt 2017 01:48:57 351 0
Məhəmməd Füzuli və Yusif Səfərov küçələrində xüsusi zolaqların çəkilməsi təmin olunub
"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib.
"Bu il pilot layihə olaraq, Məhəmməd Füzuli və Yusif Səfərov küçələrində xüsusi zolaqların çəkilməsi təmin olunub. Aidiyyəti orqanlarla birgə fəaliyyət bu zolaqlardan istifadədə müsbət irəliləyişin olmasını göstərəcək", - deyə o əlavə edib.
Vüsal Kərimlinin sözlərinə görə, bundan başqa, Bakı şəhərində quraşdırılmış dayanacaq məntəqələrinin yerləri təhlil olunub, beynəlxalq təcrübəyə əsaslanan yeni dislokasiya planı hazırlanıb:
"Tıxacların qarşısının alınması, şəhərin mərkəz hissəsi ilə şəhər ətrafının əlaqələndirilməsi, sərnişinlərin nəqliyyat sistemindən rahat və asan istifadəsi məqsədilə “Koroğlu” metro stansiyasının yaxınlığında və Lökbatan qəsəbəsində layihələndirilmiş nəqliyyat mübadilə mərkəzləri artıq fəaliyyət göstərir. “Dərnəgül”, “Avtovağzal” və “28 May” metro stansiyalarının yaxınlığında da analoji qovşaqların təşkili planlaşdırılır".