Paytaxt avtobuslarının yarısı yenilənəcək


Digərləri 09 Okt 2017 23:01:00 323 0

Paytaxt avtobuslarının yarısı yenilənəcək

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin sürətli inkişafı, quruculuq-abadlıq işləri, qədim tarixi və mədəniyyət abidələrinin bərpası, yeni koloritli memarlıq nümunələrinin yaradılması, geniş miqyaslı infrastruktur layihələrinin reallaşdırılması, inzibati və yaşayış binalarının tikintisi, paytaxt Bakı şəhərində özünü daha qabarıq göstərir".

Son.az bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

O, qeyd edib:

"Bu gün dünyanın ən gözəl şəhərlərindən biri olan paytaxtımız müasir meqapolislərin əksər xarakterik cəhətlərini özündə cəmləşdirməklə yanaşı, mötəbər beynəlxalq tədbirlərə məharətlə ev sahibliyi edir. Cənab Prezident, Sizin apardığınız beynəlxalq siyasət ölkəmizə xarici qonaqların və turistlərin gəlməsini şərtləndirir.

Paytaxtımızın yeni görkəmi nəqliyyat sisteminin təkmilləşdirilməsi zərurətini gücləndirib, paytaxt sakinləri və qonaqlar üçün sərnişin daşınmasının keyfiyyətinin artırılmasını və şəhər nəqliyyatının səmərəli tənzimlənməsini labüd edib. İnkişaf etmiş paytaxtımızda nəqliyyat sahəsində yeni çağırışlara cavab olaraq, 2015-ci ilin dekabrında müvafiq Fərmanınızla Bakı Nəqliyyat Agentliyi yaradılıb.

Agentliyin əsas fəaliyyət istiqamətləri Bakı şəhərinin ərazisində ictimai nəqliyyatın və taksi xidmətinin tənzimlənməsi, yol-tikinti layihələrinə razılıq verilməsi, yol nişanlarının və işıqforların quraşdırılması, yol hərəkəti iştirakçılarını yollardakı vəziyyət barədə məlumatlandırmaqdır. Bununla əlaqədar olaraq, fəaliyyətimiz yerli sosial-iqtisadi reallıq və dünya meqapolislərinin mütərəqqi təcrübəsi nəzərə alınaraq qurulub və işimizdə Sizin göstərişinizlə birinci Avropa Oyunları zamanı cəlb edilmiş beynəlxalq ekspertlərin təklif və tövsiyələrindən geniş istifadə olunub. Tapşırığınıza uyğun olaraq, ilk növbədə, Bakı şəhərində sərnişindaşıma xidmətinin təşkili və idarəolunması təhlil edilib.

İctimai nəqliyyat üzrə aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkarlanıb. Şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılmış, daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə 157-dən 150-yə endirilib. Bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Qeyd edim ki, 48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyənləşib. Agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində daşıyıcı şirkətlər 5 yeni istehsalat bazası (qaraj) təşkil edib, 25 ədəd yeni avtobus alıb, 800-dən çox avtobusu isə təmir edərək istismara veriblər.

Bununla yanaşı, qeyd etmək istərdim ki, hazırda şəhərdə sərnişindaşıma təyinatlı 2124 avtobusdan 468 ədədinin istehsal ili 5 ilə qədər, 1577 ədədinin istehsal ili 6-10 il arası, 79 ədədinin istehsal ili isə 10 ildən çoxdur. Bir avtobusun bir dəfəyə orta hesabla 70-80 sərnişin daşıdığını nəzərə alsaq, təhlükəsiz və keyfiyyətli sərnişindaşıma üçün Bakı şəhərində fəaliyyət göstərən avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti var.

Bütün sahələrdə olduğu kimi, ictimai nəqliyyatda da nağdsız ödənişin tətbiqinə başlanılıb. Sizin təşəbbüsünüzlə Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yaradılan "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 300, digər daşıyıcılara məxsus 150, ümumilikdə, 450 avtobusda, həmçinin hava limanı ekspress xəttində və Bakı metropolitenində də gediş haqqı vahid ödəmə kartı ilə həyata keçirilir.

Agentliyin tabeliyində yaradılmış Sürücü Təlim Mərkəzində avtobus sürücülərinin peşə fəaliyyətinə və davranışına dair xüsusi hazırlıq keçirilməsinə başlanılıb. Təlimlərə yalnız yaşı, peşəkarlığı və sağlamlığı imkan verən sürücülər buraxılır. Təlimdə sürücülərə zəruri qanunvericilik, mədəni rəftar, psixoloji dərslər, avtobusda təhlükəsiz və ehtiyatlı idarəetmə üzrə təcrübi və nəzəri mövzular tədris olunur. Təlim keçmiş sürücülərin Agentliyin Vahid Məlumat Bazasına daxil edilməsi və daşıyıcılara məhz bu sürücülərin işə götürülməsi tövsiyə olunacaq.