Nazir: Yeni mexanizmə əsasən, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq


Digərləri 09 Okt 2017 22:39:16 339 0

Nazir: Yeni mexanizmə əsasən, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq

Yeni mexanizmə əsasən, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq.

Bakı. Yeni mexanizmə əsasən, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib. M.Cabbarov qeyd edib: "Sizin təşəbbüsünüzlə hazırlanmış və Zati-alilərinizin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qüvvəyə minməsindən artıq dörd il ötür. İcazənizlə strategiyada müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində cari ilin ötən dövrü ərzində əldə edilmiş nailiyyətlər və gələcək addımlar barədə məlumatı diqqətinizə çatdırmaq istərdim. Təhsil Nazirliyinin sifarişinə əsasən, qəzalı məktəblərin əvəz edilməsi çərçivəsində 73 modul tipli məktəb quraşdırılıb. Cari ilin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək. Tapşırığınıza əsasən, bu işlər növbəti ildə də davam etdiriləcək, 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan 137 kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək". Nazir bildirib ki, bununla yanaşı, bu il bir peşə tədris mərkəzi, bir uşaq-gənclər inkişaf mərkəzi, bir tədris-idman bazası, üç universitet üçün kampus və korpuslar tikilib və ya əsaslı təmir olunub: "Qayğınızın növbəti bariz nümunəsi olaraq, paytaxtın Yasamal rayonunda inşa olunmuş 20 nömrəli məktəbin yeni binası 4 min şagirdin təhsil alması üçün gözəl şərait yaradıb. Yeni dərs ilinin ilk günündə Zati-alilərinizin məktəbin açılışında iştirakı və kollektiv qarşısında proqram xarakterli çıxışı şagirdlərin vətənə sədaqət ruhunda tərbiyəsi, milli dəyərlərin qorunması, innovasiyaların, müasir texnologiyaların tətbiqi üzrə qarşıya qoyduğunuz vəzifələr təhsil işçilərinin məsuliyyətini daha da artırıb. Ölkəmizdə təhsilin inkişafına göstərdiyiniz yüksək diqqət və qayğıya görə, cənab Prezident, çoxminli təhsil işçiləri adından Sizə öz dərin təşəkkürümüzü bildiririk. Əlamətdar haldır ki, Cəbrayıl rayonunun bərpa olunmuş Cocuq Mərcanlı kəndində də sentyabrın 15-də yeni məktəb fəaliyyətə başlayıb, bütün məktəblərdə ilk dərslər Cocuq Mərcanlının bərpası, sakinlərin doğma yurduna qayıtması, dövlətimizin bu istiqamətdə apardığı məqsədyönlü siyasətinə həsr edilib. Bu hadisə ümumi təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə böyük töhfə verib". M.Cabbarov əlavə edib ki, strategiyaya uyğun olaraq, müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində aparılan işlər 2017-ci ildə də davam etdirilib, 26 şəhər və rayonda 50 min müəllimin bilik və bacarıqları yoxlanılıb, beləliklə ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb: "Müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində aparılan siyasət daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradıb. Belə ki, cari ildə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün 49 min müəllim elektron ərizə ilə müraciət edib ki, bu da 2013-cü illə müqayisədə üç dəfə çoxdur. Şəffaf və obyektiv təşkil edilən müsabiqə nəticəsində 5 min 644 müəllim işə qəbul edilib". Təhsil naziri deyib ki, həyata keçirilən məqsədyönlü tədbirlər yüksək nəticə göstərən abituriyentlərdə müəllim peşəsinə marağı əhəmiyyətli şəkildə artırıb. Bu il qəbul imtahanlarında 500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib: "Cənab Prezident, məktəbəhazırlığın uşaqların gələcək inkişafı və təhsilində müstəsna rolu nəzərə alınaraq, ötən dərs ilində bütün bölgələrdə dövlət büdcəsi vəsaiti hesabına 5 yaşlıların 55 faizi təhsilə cəlb edilib, cari ildə isə 65 faizə çatdırılması nəzərdə tutulub. 2020-ci ilədək bu rəqəmin 90 faizə yüksəlməsi planlaşdırılır ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir. Bakı şəhərində birinci siniflərə şagird qəbulu prosesi tam elektronlaşdırılıb, elektron xidmət vasitəsilə 50 minə yaxın uşaq paytaxt məktəblərinə qəbul edilib. Son illərdə birinci siniflərə qəbul xeyli artıb. Belə ki, 2013-cü ildə bu göstərici 138 min təşkil edirdisə, bu il birinci siniflərə 165 min uşaq qəbul olunub". O qeyd edib ki, strategiyada təhsilin keyfiyyətinin başlıca prioritet elan olunduğu nəzərə alınaraq, 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib: "İlin nəticələrinin təhlili əsasında təhsil müəssisələri üçün keyfiyyət meyarlarının işlənməsi, bu meyarlara uyğun olaraq ümumtəhsil məktəblərinin fəaliyyətinin qiymətləndirilməsi, innovativ müəllimlərin aşkara çıxarılması sahəsində tədbirlər həyata keçiriləcək. Təhsilə göstərilən dövlət qayğısı, yaradılmış əlverişli şərait nəticəsində son illərdə ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamika davam etməkdədir. Cari ildə yeni təhsil proqramlarının tətbiq edildiyi IX siniflərdə buraxılış imtahanı yeni qaydada təşkil edilib. İki ildən sonra həmin şagirdlərin ilk buraxılışı olacaq və bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkili üzrə yeni mexanizmlər müəyyənləşdirilib. Əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək". M.Cabbarov bildirib ki, yeni mexanizmə əsasən, məzunun ali məktəbə qəbul üçün topladığı ümumi bal buraxılış və qəbul imtahanlarındakı nəticələrə əsasən müəyyənləşəcək, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq, buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək: "Şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə bir neçə il bundan əvvəl tam orta təhsil səviyyəsində başlanmış təmayülləşmənin əhatə dairəsi əhəmiyyətli şəkildə genişlənərək 720 məktəbi və 10-cu sinifdə təhsil alan şagirdlərin 35 faizini əhatə edib. İstedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkədə olimpiada hərəkatı genişlənib, bu məqsədlə olimpiada hazırlıq mərkəzləri yaradılıb. Cari ildə respublika fənn olimpiadalarına 30 minədək şagird qatılıb ki, bu da ötən ilə nisbətən 9 faiz çoxdur. 2017-ci ildə Azərbaycan məktəbliləri dünya fənn olimpiadaları və bilik müsabiqələrində 2 qızıl, 6 gümüş və 32 bürünc medal qazanıblar". Nazir vurğulayıb ki, ümumi təhsildə keyfiyyətin artırılması üzrə həyata keçirilən tədbirlər ali məktəblərə qəbulun nəticələrində də özünü göstərib: "Cari ildə ali məktəblərə 37624 nəfər qəbul olub. Tələbə adını qazanmış abituriyentlərin bilik səviyyəsinin yüksəlməsini aşağıdakı rəqəmlər ifadə edir. Son dörd ildə 300-dən çox bal toplayanların sayı 16 faiz, 400-dən çox bal toplayanların sayı 19 faiz, 500-dən bal toplayanların sayı 28 faiz, 600-dən çox bal toplayanların sayı isə 43 faiz artıb. Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olanların sayı 36 faiz artıb. Hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar ötən illə müq