Prezident İlham Əliyev: "Gələn il daha çox kəndi yeni yollarla təmin edəcəyik"


İqtisadiyyat 09 Okt 2017 20:15:10 325 0

Prezident İlham Əliyev: "Gələn il daha çox kəndi  yeni yollarla təmin edəcəyik"

"Bu il 150 min, gələn il isə 100 min hektar yeni sahəyə suyun verilməsi təmin edilməlidir"

"Çalışmalıyıq ki, gələn ilin kənd yolları proqramının tərtibində və təşkilində bütün yerlərdən gələn təkliflər nəzərə alınsın. Mənə artıq ilkin məruzə edilib. Biz gələn il bu ilə nisbətən daha çox kəndi yeni yollarla təmin edəcəyik. Baxmayaraq ki, bu il də yüzlərlə kəndə yol salınıb. Bu proses hələ neçə il bundan sonra da davam etməlidir, o vaxta qədər ki, bizim bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmasın". 

"Report" xəbər verir ki, bu sözləriPrezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

Dövlət başçısı ilin əvvəlində nəzərdə tutulmuş layihələrin hamısının icra ediləcəyini deyib: “Bundan əlavə, il ərzində mənim bölgələrə səfərlərim çərçivəsində və yerlərdən gələn təkliflər nəticəsində yeni yol layihələri də icra edilməyə başlanılmışdır. Bunlar daha çox kənd yollarıdır və eyni zamanda, şəhərlərarası yollardır. Onların arasında əvvəlcədən nəzərdə tutulmamış, ancaq builki proqrama salınmış və indi icrası gedən layihələr arasında Qax-Zaqatala-Balakən yolunu qeyd etməliyəm. Bu yolun əsaslı təmiri bu il nəzərdə tutulmamışdır. Ancaq bölgəyə səfərim zamanı bu məsələ qaldırıldı və göstəriş verildi. İndi bu layihə icra edilir. Cəlilabad-Yardımlı yolunun bir hissəsi əvvəlki dövrdə əsaslı təmir edilmişdir. Ancaq bu layihə yarımçıq qalmışdır. Cənub bölgəsinə səfərim zamanı bu məsələ də qaldırıldı və göstəriş verildi. Cəlilabad-Yardımlı yolunun tam istifadəyə verilməsi ilə bağlı bütün lazımi tədbirlər görülüb. Bu, Yardımlıya Bakıdan və digər bölgələrdən ən qısa yol olacaq və bir çox kəndləri birləşdirəcək”.

Turizm məkanı olan Göygöl istiqamətindəki yolun da uzun illər təmirsiz qaldığını xatırladan Prezident İlham Əliyev bildirib ki, indi Göygöl turizm mərkəzinə çevrilib, oraya böyük turist axını var. “Əlbəttə ki, oraya gedən yol tam yüksək səviyyədə təmir edilməlidir. Bu göstəriş də verilmişdir. Eyni zamanda, o bölgədə olarkən bu məsələ də qaldırıldı. Bu yaxınlarda Şamaxı rayonunda olarkən orada da Şamaxını Lahıcla birləşdirən yol haqqında məsələ də öz həllini tapmışdır. Bu yolun bir hissəsi istifadəyə verilib, qalan hissə də bu il və gələn il istifadəyə veriləcək. Lahıc nadir bir yaşayış mərkəzidir. Oraya hər il on minlərlə turist gəlir. İndi Lahıca həm alternativ, həm də ən qısa yol Şamaxı-Dəmirçi-Lahıc yolu olacaqdır. Bu da bir neçə kəndi birləşdirən yoldur”, - deyə dövlət başçısı qeyd edib.

“Biz proqramı tərtib edirik, vəsait ayırırıq. Ancaq il ərzində yeni təkliflər gəlir və bu təkliflər də həmişə təmin edilir”, - deyən Prezident İlham Əliyev bildirib ki, əsas fəaliyyət istiqamətimiz Azərbaycan xalqının maraqlarını təmin etməkdən, xalqı narahat edən məsələlərin öz həllini tezliklə tapmasından ibarətdir. 

"İnfrastruktur layihələri arasında meliorasiya məsələləri indi ön plandadır. Bu layihələrin icrası artıq öz səmərəsini verib. Bu il nəzərdə tutulub ki, 150 min hektar yeni sahəyə suyun verilməsi təmin edilsin və biz bu hədəfə çatmalıyıq. Gələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu proses daha da sürətlə getsin. Beləliklə, suvarılan torpaqların həcmi hər il artacaq. Bu da təbii ki, özlüyündə kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək. Bizim torpaq fondumuz məhduddur. Kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaq. Onların arasında əlbəttə, aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili və suvarma məsələləri var. Ona görə meliorativ tədbirlər həm növbəti ilin Dövlət İnvestisiya Proqramında, həm də ondan sonrakı illərdə daim prioritet olmalıdır", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev deyib: “Bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilmişdir. Mənim sədrliyimlə müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Orada həm icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur. Əlbəttə ki, gələn ilin dövlət büdcəsində bu proqramların reallaşması nəzərdə tutulmalıdır”.