İlham Əliyev: Perspektivlərimiz bunlardır sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, BakıTbilisiQars dəmir yolu, “Cənub Qaz Dəhlizi”nin icrası, “Azəri”, “Çıraq”, “Günəşli”nin işlənilməsi


Siyasət 09 Okt 2017 19:43:00 412 0

İlham Əliyev: Perspektivlərimiz bunlardır  sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, BakıTbilisiQars dəmir yolu, “Cənub Qaz Dəhlizi”nin icrası, “Azəri”, “Çıraq”, “Günəşli”nin işlənilməsi

Perspektivlərimiz bunlardır - sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub Qaz Dəhlizi" layihələrinin icrası, "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Prezident qeyd edib: "İlin sonuna üç aydan az vaxt qalır. Bu müddət ərzində Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır. Bu il Dövlət İnvestisiya Proqramı lazımi səviyyədə təmin edilir, kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş bütün məsələlər ilin sonuna qədər öz həllini tapmalıdır.

Maliyyə məsələləri ilə bağlı heç bir problem yoxdur. Büdcə göstəriciləri yaxşıdır, tam icra edilir. Ona görə, investisiya proqramının icrası əlbəttə ki, təmin ediləcəkdir. Mən buna şübhə etmirəm.

Gələn ilin Dövlət İnvestisiya Proqramı ilə bağlı ilkin təkliflər gəlməkdədir. Gələn il kifayət qədər vəsait nəzərdə tutulmalıdır ki, həm infrastruktur layihələri, eyni zamanda, ölkə qarşısında duran əsas vəzifələr icra edilsin. Ona görə, hesab edirəm ki, gələn ilin investisiya proqramı ilin sonuna qədər təsdiq edilə bilər. Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olmalıdır. Buna bütün imkanlar var. Yaxın zamanlarda bu məsələyə də baxılacaqdır.

Bildiyiniz kimi, sahibkarlığın inkişafı üçün bir çox işlər görülür. Onların arasında güzəştli kreditlərin verilməsi də var. Artıq uzun illərdir ki, bu proses davam edir. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin demək olar ki, tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. Bu il kifayət qədər böyük proqram nəzərdə tutulmuşdur. Mənə məruzə edilib. Bu proqramın böyük hissəsi icra edilmişdir. Amma hələ də Sahibkarlığa Kömək Milli Fondunun sərəncamında kifayət qədər vəsait - bölüşdürülməmiş, yaxud da ki, bölüşdürülmüş, ancaq verilməmiş kreditlər var. Çalışmaq lazımdır ki, ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilsin.

Yol infrastrukturu ilə bağlı görülmüş işlər haqqında burada məruzədə göstərildi. Qeyd etməliyəm ki, ilin əvvəlində nəzərdə tutulmuş layihələrin hamısı təbii ki, icra ediləcək. Bundan əlavə, il ərzində mənim bölgələrə səfərlərim çərçivəsində və yerlərdən gələn təkliflər nəticəsində yeni yol layihələri də icra edilməyə başlanılmışdır. Bunlar daha çox kənd yollarıdır və eyni zamanda, şəhərlərarası yollardır. Onların arasında əvvəlcədən nəzərdə tutulmamış, ancaq builki proqrama salınmış və indi icrası gedən layihələr arasında Qax-Zaqatala-Balakən yolunu qeyd etməliyəm. Bu yolun əsaslı təmiri bu il nəzərdə tutulmamışdır. Ancaq bölgəyə səfərim zamanı bu məsələ qaldırıldı və göstəriş verildi. İndi bu layihə icra edilir. Cəlilabad-Yardımlı yolunun bir hissəsi əvvəlki dövrdə əsaslı təmir edilmişdir. Ancaq bu layihə yarımçıq qalmışdır. Cənub bölgəsinə səfərim zamanı bu məsələ də qaldırıldı və göstəriş verildi. Cəlilabad-Yardımlı yolunun tam istifadəyə verilməsi ilə bağlı bütün lazımi tədbirlər görülüb. Bu, Yardımlıya Bakıdan və digər bölgələrdən ən qısa yol olacaq və bir çox kəndləri birləşdirəcək.

Bizim gözəl turizm məkanımız olan Göygölə gedən yol artıq uzun illərdir ki, təmirsiz qalmışdı. Biz indi Göygölü turizm mərkəzinə çevirərək oraya böyük turist axınına nail olmuşuq. Əlbəttə ki, oraya gedən yol tam yüksək səviyyədə təmir edilməlidir. Bu göstəriş də verilmişdir. Eyni zamanda, o bölgədə olarkən bu məsələ də qaldırıldı. Bu yaxınlarda Şamaxı rayonunda olarkən orada da Şamaxını Lahıcla birləşdirən yol haqqında məsələ də öz həllini tapmışdır. Bu yolun bir hissəsi istifadəyə verilib, qalan hissə də bu il və gələn il istifadəyə veriləcək. Lahıc nadir bir yaşayış mərkəzidir. Oraya hər il on minlərlə turist gəlir. İndi Lahıca həm alternativ, həm də ən qısa yol Şamaxı-Dəmirçi-Lahıc yolu olacaqdır. Bu da bir neçə kəndi birləşdirən yoldur.

Ona görə, bunu qeyd etməklə deyirəm ki, biz proqramı tərtib edirik, vəsait ayırırıq. Ancaq il ərzində yeni təkliflər gəlir və bu təkliflər də həmişə təmin edilir. Ona görə, bizim əsas fəaliyyət istiqamətimiz də bundan ibarətdir ki, Azərbaycan xalqının maraqlarını təmin edək, xalqı narahat edən məsələlər öz həllini tezliklə tapmalıdır. Çalışmalıyıq ki, gələn ilin kənd yolları proqramının tərtibində və təşkilində bütün yerlərdən gələn təkliflər nəzərə alınsın. Mənə artıq ilkin məruzə edilib. Biz gələn il bu ilə nisbətən daha çox kəndi yeni yollarla təmin edəcəyik. Baxmayaraq ki, bu il də yüzlərlə kəndə yol salınıb. Bu proses hələ neçə il bundan sonra da davam etməlidir, o vaxta qədər ki, bizim bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmasın.

Mən giriş sözümdə qeyd etdim ki, infrastruktur layihələri arasında meliorasiya məsələləri indi ön plandadır. Bu layihələrin icrası artıq öz səmərəsini verib. Bu il nəzərdə tutulub ki, 150 min hektar yeni sahəyə suyun verilməsi təmin edilsin və biz bu hədəfə çatmalıyıq. Gələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu proses daha da sürətlə getsin. Beləliklə, suvarılan torpaqların həcmi hər il artacaq. Bu da təbii ki, özlüyündə kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək. Çünki bu gündən sonra, - əslində bu məqsəd, bu vəzifə əvvəlki dövrlərdə də qarşıya qoyulmuşdur, - kənd təsərrüfatının intensiv inkişafı təmin edilməlidir.

Bizim torpaq fondumuz məhduddur. Kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaqdır. Onların arasında əlbəttə ki, aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili, - bütün bu məsələlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təmin edilir, - və suvarma məsələləridir. Ona görə, meliorativ tədbirlər həm növbəti ilin Dövlət İnvestisiya Proqramında, ondan sonrakı illərdə də daim prioritet olmalıdır.

Onu da qeyd etməliyəm ki, bu il yerlərdən gələn təkliflər nəticəsində bir neçə önəmli layihənin icrasına başlanılıb. Şəmkirçay su anbarından kanalın Goranboy rayonuna qədər uzadılması, Neftçala su kanalının tikintisinin davam etdirilməsi və digər layihələr on minlərlə hektar yeni torpaq sahəsinə suyun verilməsini təmin edəcək. Əlbəttə ki, Taxtakörpü su anbarının mövcudluğu və yeni kanalların çəkilməsi Xızı, Siyəzən, Şabran rayonlarındakı böyük torpaq sahələrinə suyun verilməsini təmin edəcək.

Bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilmişdir. Mənim sədrliyimlə müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Orada həm icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur. Əlbəttə ki, gələn ilin dövlət büdcəsində bu proqramların reallaşması nəzərdə tutulmalıdır.

Bir daha demək istəyirəm ki, müşavirələrdə bütün rəqəmlər qeyd edildi, qarşıya hədəflər qoyuldu