Bakıda ana bətnində dölə qan köçürülüb


Sosial 09 Okt 2017 18:56:00 371 0

Bakıda ana bətnində dölə qan köçürülüb

Körpə üç gün klinikanın neanotologiya şöbəsində qaldıqdan sonra evə buraxılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ana bətnində olan döldəki problem aradan qaldırılıb.

ATU-dan "Report"a verilən məlumata görə, xəstə Klinikanın Mama-Ginekologiya şöbəsinə müraciət edib. 

Şöbə müdiri Turab Canbaxışov bildirib ki, xəstə hamiləliyin əvvəlində klinikaya gəlib: “Bu, xanımın 4-cü hamiləliyi idi. Birinci hamiləliyindən sağlam bir qız övladı dünyaya gəlib, ikinci dəfə uşaq doğulduqdan sonra vəfat edib, üçüncü döl bətndə tələf olub. Xanımda həyat yoldaşı ilə qan uyğunsuzluğu problemi var idi. Adətən, belə uyğunsuzluq zamanı anaya xüsusi iynə vurulmalıdır. Görünür, bu halda həmin dərman vurulmayıb, yaxud da təsir göstərməyib”.

Onun sözlərinə görə, xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasında nəzarətdə saxlanılıb: "Hamiləliyin 24-cü həftəsində ultrasəs müayinəsi nəticəsində döldə maye yığıldığı müşahidə olunub. Bu, dölün qan damarında parçalanmasının bir əlamətidir. İlk dəfə 24 həftəlikdə qan köçürməsi etdik. Alınan nümunələrdən vəziyyətin kritik olduğu göründü, dölün qan dəyəri 140-dan yuxarı olmalı olduğu halda, 17 idi. Vurulan qan sayəsində nəticə 160-a qalxdı. Həmin prosedur 27-ci və 32-ci həftələrdə təkrarlandı. Çünki bizim verdiyimiz qan özündə qan əmələgətirmə qabilliyyətinə malik deyil və müəyyən dövr sonra parçalanır. Nəhayət, 36-cı həftədə qeysəriyyə əməliyyatı ilə doğuşu həyata keçirdik. Nəticədə 2.6 kq çəkili sağlam bir övlad dünyaya gəlib. Körpə üç gün klinikanın neanotologiya şöbəsində qaldıqdan sonra evə buraxılıb”.

T.Canbaxışov deyib ki, Azərbaycanda artıq bu əməliyyatın köməyi ilə sağlam doğulan beşinci uşaqdır: “Sayca artıq 17-ci dəfədir ana bətnində dölə qan köçürürük. Qan köçürülməsi də kiçik bir əməliyyat sayılır. Ana ağrı hiss etməsin deyə yatırılır, sonra iynə ilə göbək ciyəsindən girərək dölün qan dəyərlərini ölçürük və ona uyğun dəyərdə qan ötürürük”.