“Karvan” Ticarət Mərkəzində baş verən yanğında təqsirləndirilən şəxsin cəzası azaldılıb


Sosial 09 Okt 2017 17:07:19 323 0

“Karvan” Ticarət Mərkəzində baş verən yanğında təqsirləndirilən şəxsin cəzası azaldılıb

Hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Ali Məhkəmədə Sumqayıt şəhərində “Karvan” Ticarət Mərkəzində baş verən yanğınla bağlı təqsirli bilinən “Karvan İstehsalat Kommersiya Şirkəti MMC-yə məxsus ticarət mərkəzində nəzarətçi-rüsumçu vəzifəsində işləmiş İsməli Bayramovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Bayramovun kassasiya şikayəti qismən təmin edilib. Belə ki, onun cəzası 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasş 4 il 7 aya qədər endirilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib. 

Qeyd edək ki, hadisə Sumqayıt şəhərində “Karvan” Ticarət Mərkəzində 2013-cü ilin oktyabrın 19-da baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər isə yaralanıb.

Məlum olub ki, yanğın zamanı sahibkarlara ümumilikdə 14894141 manat ziyan dəyib. Bu yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində cinayət işi başlanıb. 

O, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib. 

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Bayramov 4 il 6 ay müddtinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib. 

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin hökmünü ləğv edib, İ.Bayramovun barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, İ.Bayramv 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbs edilib. 

Bu qərardan İ.Bayramov və müdafiəçisi kassasiya şikayəti veriblər.