Heydər Əliyev Beynəlxalq Aeroportu 3 milyondan çox sərnişinə xidmət göstərib


Digərləri 09 Okt 2017 16:18:00 294 0

Heydər Əliyev Beynəlxalq Aeroportu 3 milyondan çox sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 3,1 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici bütün 2016-ci il ərzində olan statistikaya yaxındır.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, hesabat dövründə "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 1,9 milyon sərnişin düşmüşdür ki, bunun da 468 min nəfəri daxili reyslərlə daşınmışdır.

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 46,1 faizi AZAL-ın, 53,9 faizi xarici aviadaşıyıcıların payına düşmüşdür. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. 1,9 milyon sərnişin bu istiqamətlərə uçmuşdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.