Tərkibində aseton olan spirtli içkilər hazırlayan cinayətkar dəstə zərərsizləşdirilib


Digərləri 09 Okt 2017 16:13:26 234 0

Tərkibində aseton olan spirtli içkilər hazırlayan cinayətkar dəstə zərərsizləşdirilib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində tərkibində aseton olan spirtli içkilər hazırlayan cinayətkar dəstə zərərsizləşdirilib.

Bakı. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində tərkibində aseton olan spirtli içkilər hazırlayan cinayətkar dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya, Belarusiya, eləcə də digər dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrinin eyni adlar altında qanunsuz istehsalını həyata keçirən, bununla da insanların sağlamlığına zərər vuran mütəşəkkil cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib. Əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri - Abil Hüseynov, Bərxudar Həsənov və İlqar Mirzəyevin rəhbərlik etdiyi 10 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıb. Dəstə üzvlərinə məxsus Biləcəri, Sulutəpə və Saray qəsəbələrində yerləşən gizli anbarlara və sexlərə, həmçinin onların yaşadıqları evlərin zirzəmilərinə, saxlanc yerlərinə baxış zamanı spirtli içkilərin hazırlanması üçün istifadə edilən 10 ton mənşəyi məlum olmayan spirt, külli miqdarda aksiz markalar, etiketlər, qapaqlar və sair texniki avadanlıqlar aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq mütəşəkkil dəstə üzvləri tərəfindən hazır məhsul halına gətirilərək satış üçün qablaşdırılan saxta spirtli içkilər onların paytaxtda və respublikanın müxtəlif bölgələrində yerləşən anbarlarından aşkar edilərək maddi sübut kimi götürülüb. Aşkar edilən spirtli içkilər tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilib. Ekspert rəyinə əsasən aşkarlanan saxta spirtli içkilərin tərkibində insan orqanizminə ciddi təhlükə yaradan zərərli mikroqatışıq hesab edilən aseton mövcuddur. Araşdırmalarla müəyyən edilib ki, dəstə üzvləri tərkibində aseton olan spirtli içkiləri müxtəlif adda hazırlayandan sonra qurduqları şəbəkə vasitəsilə satışını təşkil ediblər. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb və saxlanılanlar barəsində həbs qətimkan tədbirləri seçilib, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.