Nazirlik: Rusiyada bu rüb dollar bahalaşacaq


İqtisadiyyat 09 Okt 2017 12:27:15 324 0

Nazirlik: Rusiyada bu rüb dollar bahalaşacaq

Analitiklər dolların məzənnəsinin 70 RUB/USD-yə qədər yüksələcəyini düşünürlər

Rusiyada oktyabr ayından etibarən ABŞ dolları bahalaşmağa başlayacaq və dekabrın yekununda orta məzənnə 63 rubl təşkil edəcək. "Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu proqnozu Rusiya İqtisadi İnkişaf Nazirliyi yayıb.

Nazirliyin proqnozu ilə analitiklər də razılaşırlar: onların proqnozu isə 60-70 RUB/USD diapazonunda dəyişir. Nazirlik mütəxəssislərinin fikrincə, bu ilin son rübündə neftin qiyməti düşməyə davam edəcək. Oktyabrda "Urals" markalı neftin orta qiymətinin 51 dollar/barel, noyabrda 49 dollar/barel, dekabrda isə 47 dollar/barel olacağı ehtimal edilir. Nazirlik neft qiymətlərinin düşməsi fonunda dolların məzənnəsinin yüksələcəyini ehtimal edir. Belə ki, oktyabrda dolların 60,8 rubl, noyabrda 62,1 rubl, dekabrda isə 63 rubl təşkil edəcəyi gözlənilir. Son rüb üçün orta məzənnənin isə 62 RUB/USD, 2017-ci il üçün isə 59,4 RUB/USD olacağı proqnozlaşdırılır.

Analitiklərin fikrincə, dolların bahalaşması "carry-trade" əməliyyatlarının cazibliyinin itməsinə səbəb olacaq və investorların sürətlə Rusiya aktivlərindən çıxaraq dollara keçməsinə gətirib çıxaracaq. Bu da dolların məzənnəsini 70 rubla qədər yüksəldə bilər.