Zaqataladakı fındıq zavodu özəlləşdirməyə çıxarılıb


İqtisadiyyat 09 Okt 2017 10:49:16 345 0

Zaqataladakı fındıq zavodu özəlləşdirməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 7-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 7-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirəcək.

“Report” ƏMDK-ya istinadən xəbər verir ki, hərraca 161 dövlət əmlakı, o cümlədən 76 kiçik dövlət müəssisə və obyekti, 55 istifadəsiz qeyri-yaşayış sahəsi, 21-i səhmdar cəmiyyəti və 9 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr, məsələn, “Sabirabad Mexanikləşdirmə”, “Zaqatala Fındıq”, “Anar ”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digərləri var. Hərraca həmçinin "Boradigah Çay-2" ASC-nin yerləşdiyi torpaq sahəsi çıxarılıb.

Həmin səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 28 572 manatdan 850 208 manata qədər dəyişir. Onların arasında ilkin start qiyməti ən çox olan əmlak “Sabirabad Mexanikləşdirmə” ASC-dir. Müəssisənin səhmlərinin 30%-nə 128 min manat qiymət qoyulub. Qiyməti ilə digərlərindən fərqlənən “Zaqatala Fındıq” ASC-nin isə 30% səhmi isə 126 min manata təklif olunur.

Hərracda sahibini tapacaq kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Sumqayıt şəhərlərində, Yevlax, Qazax, Sabirabad, Saatlı, Astara və digər rayonlarda yerləşir. Onların ümumi faydalı sahəsi 25 - 4386 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisəsi Balakəndə yerləşən Əmlak kompleksidir. Adı çəkilən əmlak 550 min manata təklif edilir. Onun torpaq sahəsi 90 min kv.m-ə, ümumi faydalı sahəsi isə 3 min kv.m-ə yaxındır və torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC və Nərimanov rayonunda yerləşən 7 saylı mağaza da qiyməti ilə seçilənlər sırasındadır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Gəncə şəhərində yerləşən 176 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 450 kv.m-dir

Özəlləşdirilməyə açıq elan edilmiş istifadəsiz qeyri-yaşayış sahəsindən isə 50-si paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

Hərracda özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Əsasən Rusiya istehsalı olan avtomobillər üstünlük təşkil edir.