Almaniyalı hücumçu: “İlk hissədə oyuna tam köklənə bilməmişdik"


Digərləri 09 Okt 2017 10:09:49 221 0

Almaniyalı hücumçu: “İlk hissədə oyuna tam köklənə bilməmişdik"

"Fasilədən sonra yaxşı çıxış etdik və qalib gəldik”

“İlk hissədə oyuna tam köklənə bilməmişdik. Fasilədən sonra yaxşı çıxış etdik və qalib gəldik”.

“Report” xəbər verir ki, bunu Almaniya millisinin futbolçusu Sandro Vaqner 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığması üzərində qazanılan 5:1 hesablı qələbəni şərh edərkən deyib.

Matçın 54-cü dəqiqəsində Bundestimin 2-ci qoluna imza atan 29 yaşlı hücumçu bildirib ki, öz meydanlarında keçirdikləri bütün görüşlərdə qalib gəlmək istəyirlər. S.Vaqner yığmada çıxış etməklə bağlı yekun qərarı baş məşqçi Yoahim Lövün verdiyini söyləyib: “Hər bir oyunçu klubda və millidə yaxşı çıxış etmək istəyir. Heyət seçimi ilə bağlı qərarı baş məşqçi verir. Hər bir futbolçu yalnız formada qalmaqla diqqəti cəlb edə bilər”.

Qeyd edək ki, Almaniya millisi C qrupunda 10 görüşün hamısında qələbə qazanaraq mundiala vəsiqə əldə edib. Azərbaycan yığması 10 xalla 5-ci yerdə qalıb. Şimali İrlandiya 19 xalla 2-ci, Çexiya 15 xalla 3-cü, Norveç isə 13 xalla 4-cü yeri tutub. San Marino isə seçmə tsikli xalsız bitirib.