"Report": Bu həftənin ən vacib qlobal iqtisadi xəbərləri - TOP-5


İqtisadiyyat 09 Okt 2017 10:31:09 293 0

"Report": Bu həftənin ən vacib qlobal iqtisadi xəbərləri - TOP-5

Əsas diqqət FED protokolları ilə ABŞ-dakı inflyasiya göstəricisində olacaq

Bu həftənin ən vacib qlobal iqtisadi xəbərləri ABŞ, avrozona, Böyük Britaniya və Çində açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Oktyabrın 11-də Bakı vaxtı ilə saat 22:00-da ABŞ Federal Ehtiyat Sisteminin (FED) ötən iclasla bağlı protokolları açıqlanacaq. Bununla yanaşı, hazırkı sədr Canet Yellenin postuna real namizədlərdən biri olan FED İdarə Heyətinin üzvü Cerom Pauelin (Jerome Powell ) çıxışı gözlənilir. Həmçinin, həftə ərzində FED İdarə Heyətinin üzvü Lael Braynard ( Lael Brainard), Dallas FED-nin sədri Robert Kaplan, Minneapolis FED-nin sədri Nil Kaşkari (Neel Kashkari) və Çikaqo FED-nin sədri Çarlz Evansın (Charles Evans) çıxışları olacaq. Xatırladaq ki, açıqlanan son iqtisadi göstəricilərdən sonra FED-in dekabr ayında uçot dərəcəsini artırması ehtimalı 90%-i ötüb;

2) Oktyabrın 11-də Bakı vaxtı ilə saat 16:30-da ABŞ Ticarət Nazirliyi tərəfindən sentyabr ayının inflyasiya göstəricisi açıqlanacaq. Konsensus-proqnoza əsasən, inflyasiya sentyabrda 0,6%, baza inflyasiya isə 0,2% artım göstərəcək. Ötən illə müqayisədə inflyasiyanın 1,8% olacacağı gözlənilir. Bu göstəricilərlə yanaşı, oktyabrın 13-də sentyabr ayı üzrə pərakəndə ticarət dövriyyəsi, istehsal qiymətləri indeksi, əmək bazarı açıq vakansiyalar üzrə göstərici və s. açıqlanması gözlənilir;

3) Oktyabrın 12-də Bakı vaxtı ilə saat 18:30-da Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draginin Vaşinqtonda Dünya İqtisadiyyatı İnstitutunda monetar siyasətlə bağlı paneldə iştirak etməsi gözlənilir. Bu paneldə investorlar ECB-nin monetar siyasət perspektivləri barədə açıqlamaları izləyəcəklər;

4) Oktyabrın 10-da Böyük Britaniyanın emal sektorunun istehsal həcmi açıqlanacaq;

5) Oktyabrın 13-də saat 07:00-da Çində sentyabr ayı üzrə ticarət balansı açıqlanacaq. Ekspertlər ticarət balansı profisitinin avqustdakı 42,0 mlrd. dollardan sentyabrda 39,5 mlrd. dollara kimi geriləməsini proqnozlaşdırırlar.