UNEC-də türk dilinin tədrisinə yeni yanaşma


Digərləri 09 Okt 2017 10:32:00 291 0

UNEC-də türk dilinin tədrisinə yeni yanaşma

Bakı Yunus Əmrə İnstitutunun nümayəndə heyəti UNEC-də olub.

Bakı. Bakı Yunus Əmrə İnstitutunun nümayəndə heyəti UNEC-də olub. UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, UNEC-in rektoru, professor Ədalət Muradov Türkiyə ali təhsil müəssisələri ilə əlaqələrin UNEC üçün əhəmiyyətini bildirərək, əməkdaşlıq çərçivəsində imzalanan ikitərəfli razılaşmalar, ikili diplom proqramları, 50-yə yaxın universitetlə reallaşdırılan Mövlanə Proqramından söz açıb. O, bu əməkdaşlığın UNEC-də türk dilində tədrisin aparılmasına böyük imkanlar yaratdığını diqqətə çatdırıb. Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-in Türkiyə ali təhsil müəssisələri ilə əlaqələrinin ən üst səviyyədə qurulmasını yüksək qiymətləndirib. Görüşdə UNEC-lə Bakı Yunus Əmrə İnstitutu arasında türk dilində tədrisin inkişaf etdirilməsinə dair protokol imzalanıb. Sənədə əsasən, UNEC-də türk dilinin tədrisində Avropa Dil Portfeli və beynəlxalq dil tədrisi standartlarına görə hazırladığı “Yunus Əmrə İnstitutu Modeli”nin tətbiqi nəzərdə tutulur. Eyni zamanda UNEC-lə Bakı Yunus Əmrə İnstitutu türk dilinin tədrisi sahəsində ortaq elmi araşdırmaları davam etdirəcəklər.