Giorgi Kvirikaşvili: “GUAM regional əməkdaşlığın inkişafında mühüm rol oynayır”


Dünya 08 Okt 2017 18:23:56 314 0

Giorgi Kvirikaşvili: “GUAM regional əməkdaşlığın inkişafında mühüm rol oynayır”

Gürcüstanın baş naziri qurumun fəaliyyətini müsbət qiymətləndirib

“GUAM ölkələri arasında əlaqələr inkişaf edir. GUAM üzv və tərəfdaş ölkələr arasında əlaqələrin genişlənməsində, eləcə də regional əməkdaşlığın inkişafında mühüm rol oynayır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili GUAM-ın Xarici İşlər Nazirləri ilə görüşdə söyləyib.

Baş nazir bildirib ki, GUAM-ın yaranmasının XX ildönümünə həsr olunmuş yubiley tədbirinin Gürcüstanda keçirilməsi əlamətdar hadisədir.

Baş nazir deyib: “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın birgə əməkdaşlığı sayəsində regionda iqtisadi, siyasi, mədəni, turizm və digər sahələrdə əlaqələr əsaslı şəkildə inkişaf edib. Gürcüstan bu əlaqələrin daha da inkişafında maraqlıdır və bunun üçün əlindən gələni etməyə hazırdır”.

Görüşdə iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional münaqişələr, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı, regional layihələr və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.