Tbilisi şəhər meri vəzifəsinə namizəd Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb - FOTO


Dünya 07 Okt 2017 23:36:33 378 0

Tbilisi şəhər meri vəzifəsinə namizəd Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb - FOTO

Kaladze azərbaycanlıların Gürcüstanın inkişafında iştirakını xüsusi qeyd edib

Xəbər verildiyi kimi, oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına və Tbilisi şəhər meri vəzifəsinə seçkilər keçiriləcək. Tbilisi şəhər meri vəzifəsinə namizədlər bu məqsədlə ölkədə yaşayan milli azlıqların nümayəndələri ilə görüşlər keçirirlər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Tbilisi şəhər meri vəzifəsinə hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından namizəd, sabiq energetika naziri Kaxa Kaladze oktyabrın 7-də Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb.

Kaxa Kaladze görüşün təşkilinə görə Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasına təşəkkür edib. O, azərbaycanlıların Gürcüstanın inkişafında, Avropaya inteqrasiyasında, ölkədəki ictimai-siyasi proseslərdəki iştirakını xüsusi qeyd edib. Hamını oktyabrın 21-də keçiriləcək seçkilərdə fəal iştiraka dəvət edib.

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev çıxışında deyib ki, Gürcüstan həm də bu ölkədə yaşayan azərbaycanlıların vətənidir. Siyasətçi deyib ki, azərbaycanlılar ölkədə gedən ictimai-siyasi proseslərdən kənarda qalmırlar və bu seçkilərdə də fəal iştirak edəcəklər.

Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Bolnisi sakrebulunun deputatı Leyla Əliyeva, ağsaqqallardan Elvar Bədirov və başqaları çıxış edərək Gürcüstanda yaşayan azərbaycanlıların qayğılarından, həlli vacib məsələlərdən danışıblar.

Görüşdə paytaxt Tbilisi ilə yanaşı Rustavi şəhəri, Marneuli, Bolnisi, Qardabani və Dmanisi rayonlarından gəlmiş azərbaycanlılar iştirak ediblər.

Çıxışlarda bildirilib ki, azərbaycanlılar oktyabrın 21-də keçiriləcək seçkilərdə fəal iştirak edəcək, layiq bildikləri namizədlərə səs verəcəklər.

K.Kaladze jurnalistlərə müsahibəsində deyib:

“Azərbaycanlılar Gürcüstanın ictimai siyasi, iqtisadi inkişafında mühüm rol oynayırlar. Seçkilərdə də onların fəallığına xüsusi ehtiyac var. Görüşümüzün əsas məqsədi onların qayğıları ilə maraqlanmaq, eyni zamanda, onların məsləhətlərini fikir və arzularını dinləmək idi. Düşünürəm ki, bu görüş hamı üçün faydalı olacaq”.

Ağsaqqallar Şurasının sədri İsaq Novruzov isə bildirib ki, oktyabrın 21-də keçiriləcək seçkilərdə azərbaycanlıların iştirakı çox vacibdir. Biz bu görüşdə bir sıra həlli vacib məsələlərə toxunduq və düşünürük ki, Gürcüstanın inkişafı naminə çox iş görəcəyik.