Ağız südünün üstünlükləri


Digərləri 06 Okt 2017 06:30:00 388 0

Ağız südünün üstünlükləri

Ana südü, xüsusilə ağız südü əvəzsiz bir nemətdir, lakin təəssüf ki, bəzən analar, xüsusilə ilk övladını dünyaya gətirən gənc analar onun əhəmiyyətindən xəbərsiz olurlar.

Son.az bildirir ki, paytaxtdakı A.Qarayev adına 2 nömrəli uşaq klinik xəstəxanasının həkim-pediatrı Şəhla Quliyeva körpənin həyatında çox böyük əhəmiyyətə malik ağız südü barədə AZƏRTAC-a deyib: "Ağız südü yüksək kalorili, anticisimlərlə zəngin, özlü, yapışqanlı, sarı rəngli mayedir. Onu qızdıranda asanlıqla parçalanması tərkibində zülalın çox, suyun az olması ilə əlaqədardır. Yetkin südlə müqayisədə onun zülalı 2-3 dəfə çoxdur. Albumin-qlobulin ilk gündən, kazein isə dördüncü gündən əmələ gəlir. Yetkin südlə müqayisədə ağız südündə yağlar və laktozanın miqdarı 1,2-1,5 dəfə az, duzlar isə 1,5 dəfə çox olur. Ağız südü enteral qidalanmaya keçid dövründə uşaq orqanizminə yüksək kalorili və bioloji cəhətdən qiymətli maddələrin daxil olmasını təmin edir. Müqayisə üçün deyək ki, tərkibindəki zülalların miqdarı keçid südündə 1,9-3,2, daimi süddə 0,9-1,8 faizdirsə, ağız südündə 4,2-16 faiz, yağın miqdarı keçid südündə 2,9-4,4, daimi süddə 2,7-4,5 faizdirsə, ağız südündə 2,8-4,1 faiz təşkil edir. Bununla yanaşı 100 ml üçün kkal-yə görə enerji dəyərinə görə də ağız südü daimi süddən üstün göstəriciyə malikdir. Daimi südün enerji dəyəri 57,1-77,7 kkal-dirsə, keçid südündə 4,0-7,6, daimi süddə 7,3-7,5 faiz təşkil edirsə, ağız südündə 83,6-106,8 kkal-dir.

Südün əmələ gəlməsi hamiləlik və doğuşdansonrakı dövrdə baş verir. Həmin proses hipofizin prolaktin hormonunun təsiri ilə təmin olunur. Doğuşdan sonrakı 24-48 saat ərzində prolaktinin konsentrasiyası yüksək səviyyəyə qalxır, 48 saatdan sonra azalmağa başlayır. Bundan sonra prolaktinin səviyyəsinin yüksək qalması körpəyə südün verilmə tezliyindən asılıdır".